Tərtərlilər Rza İbrahimovu belə xatırlayırlar
Haqlı deyirlər ki, insan ömrü yaşanan illərlə deyil, bu illərin dəyəri ilə ölçülür. Bəzən qısa bir ömrə o qədər xeyirxahlıq, yaxşı əməllər sığır ki, illər ötdükcə, bunlar unudulmur. Belə ömür yaşayan insanlardan biri də çox cavan yaşlarında dünyasını dəyişən tərtərli həkim Rza İbrahimovdur. Rza həkim 1952-ci il iyul ayının 18-də rayonumuzun Sarov kəndində sadə bir kolxozçu ailəsində anadan olub. Kəndlərində bostançı işləyən İbrahim kişi 7 övladının hamısını zəhmətə alışdırmış və demişdi:
– Hər biriniz həyat yolunu özünüz seçəcəksiniz. Ancaq yadda saxlayın: bütün yolların başlanğıcı zəhmətdən keçir. Zəhməti sevsəniz, qarşınıza çıxan çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
Dərsdən sonra onun yanına köməyə gələn uşaqların əlində kitab-dəftər görən ata sevinirdi:
– Oxuyun, yaxşı peşələrə yiyələnin. İşiniz nə qədər hörmətli olsa da, sizə insanların məhəbbətini qa-zandıran sadəliyiniz və xeyirxahlığınız olacaq. Soy-kökünüzlə, kəndinizlə bağları qırmayın.
Öyüd-nəsihətlərilə uşaqlarının, nəvələrinin qəlbində məskən salan İbrahim kişi 100 il yaşadı. Oğlu Rza onun tövsiyələrinə əməl edərək orta məktəbi müvəffəqiyyətlə bitirib, o zamanki Tibb İnstitutuna daxil oldu. Atasının dediyi kimi, zəhmətə qatlaşaraq, gecə-gündüz oxudu, mühazirələrdən, təcrübədən zəngin bilik topladı. Rayonumuza gənc həkim, savadlı bir mütəxəssis kimi qayıtdı.
1975-ci ildən Rza İbrahimov Tərtər Mərkəzi Xəstəxanasında nevropatoloq kimi fəaliyyətə başladı. Tezliklə rayon mərkəzi ilə yanaşı, kəndlərimizdə də tanındı. Onun xəstələri adətən əsəbi, müxtəlif sar-sıntı keçirmiş insanlar olurdu. Lakin iş yoldaşları da, xəstələrin qohumları da çox zaman təəccüb edirdilər ki, necə olur ki, həkimlə bir neçə görüşdən sonra onlar tamamilə dəyişirdilər. Burada peşəkar müalicə öz işini görsə də, həkimin şəxsiyyəti, humanistliyi, böyük ürəyə malik olması da az rol oynamırdı.
Rza həkimin həyat yol-daşı Ellada müəllim deyir:
– Onun iş üsulunun əsas prinsipləri tamamilə fərqliydi. Xəstəyə mümkün qədər az dərman və iynə ya-zaraq, daha çox onun psi-xologiyasına, şüuruna təsir göstərərək, sağalacağına ümid yaradırdı. Bəzən qar-şısındakı insanın imkansız olduğunu görüb, reseptlə bərabər onun pulunu da xəstənin cibinə qoyub yola salırdı.
Deyirlər ki, bir dəfə Rza həkim işdən evə xəstəxana-nın şəpitləri ilə gəlib. Hamı elə bilib ki, ayaqqabılarını geyinmək onun yadından çıxıb. Sonradan məlum olub ki, həkim qəbuluna gələn xəstələrin birinin ayaqqabısının cırıq olduğunu görüb, öz ayaqqabılarını ona geyindirib, yola salıbmış…
Ellada müəllimin söhbətindən:
–Doğru deyirlər ki, həki-min iş saatı, gecəsi-gündüzü olmur. Bu peşəni yalnız fədakar insanlar seçirlər. Rza həkim də beləydi. 24 saatın hansı birində onun ardınca gələn olsaydı, heç bir söz demədən, sakitcə durub hazırlaşıb gedirdi. Hətta gecələr küçəmizdə maşın səsi eşidilən kimi, ayağa qalxırdı. Deyirdi, bilirəm ki, gecənin bu saatında insanlara həkim lazımdı, bizim qapımızı döyəcəklər, ona görə də gözlətməyim onları.
Böyük oğlu Mahirin xatirələrindən:
– Biz balaca olanda tez-tez valideynlərimin doğma kəndi olan Sarova gedirdik. Atamın maşını yox idi. Kəndə getmək üçün taksi çağırırdıq. Yadımdadır ki, yarım saatlıq həmin yolu bir saat yarıma ancaq başa vururduq. Çünki atam yol boyu dönüb bir-bir xəstələrinə baş çəkir, onları yox-layırdı.
Əksər hallarda Rza həkimin xəstələrlə olan münasibətləri bir doğmalığa çevrilirdi.
Bu doğmalıq iş yoldaşları ilə münasibətində də vardı. Mərkəzi xəstəxanada həkim-laborant işləyən Sal-man Sadiqi deyir:
– Mən hər sahədə özümə ideal seçirəm. Səhiyyədə idealım qısa ömür payında böyük xeyirxahlıqlar etmiş Rza həkimdir. Onun hə-kimliyi insanlığından üstün idi, insanlığı həkimliyindən. Onda mən tamah hissi görmədim. Təmənnasız insan idi.
1980-ci ildə Tibb İnstitutunu bitirib rayonumuza gələndə, o, mənim işə düzəlməyimə köməklik gös-tərdi. Həmin gündən indiyədək mən bu yaxşılığı unutmamışam.
Oğlu Mahir deyir:
– Atamla biz bazara gedəndə, hər addımda insanlar onunla salamlaşırdılar. Biz buna təəccüblənirdik, o isə deyirdi ki, mən onlara pislik etsəydim, yanımdan laqeydcəsinə keçərdilər. İnsanların mənə olan münasibəti zəhmətimə ve-rilən qiymətdir.
Çox az olan asudə vaxtlarında o, muğam dinlə-məyi sevirdi. Özü də hərdən züm-zümə edərdi. Hə-yətində işləməkdən zövq alırdı. Uşaqlarını da bu işə alışdırırdı: “Öyrənin”, – deyirdi. “Mən həmişə sizin yanınızda olmayacağam”.
Rza həkimdə yumor hissi güclüydü. Ümumiyyətlə, ailədə pozitiv mühitin olmasının tərəfdarıydı. Ətra-fındakı insanlara da bunu deyirdi: “Ömür çox qısadır onu da narazılıqlar içində keçirməyək. Həyatı sevin, bir-birinizə xoş münasibət göstərin”.
Ataları rəhmətə gedəndə, Mahir ali məktəbin I kursunda oxuyurdu. Elmir və Pərviz isə məktəbliydilər. Rza həkimin etibarlı ömür-gün yoldaşı Ellada xanım halal müəllim zəhmətilə övladlarını böyütdü, üçünə də ali təhsil verdi. Bu gün uşaqlar özləri də ailə başçılarıdır. Rza həkimin 7 nəvəsi var, onlardan biri, Mahirin oğlu babasının adını daşıyır.
Nəvələr babalarını görməsələr də, ailədə onun haqqında olan söz-söhbətlərdən vətənpərvər, zəhmətkeş, xeyirxah bir insan olan Rza həkimin pərəstişkarıdırlar.
Həkimin böyük oğlu Mahir Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin dəstək xidməti şöbəsinin müdiri, Pərviz “Rabitə” Bankın İdarə Heyəti sədrinin müşaviri, Elmir isə sahibkardır.
Rza İbrahimov 1997-ci ildə qəflətən dünyasını dəyişib. Həmkarları nə qədər çalışsalar da, onun həyatını xilas etmək mümkün olma-yıb.
Lakin Rza həkim unudulmayıb. O, bu gün də tərtərlilərin yaddaşında yaşayır.
Svetlana Bağırova