Tarixən iblis xislətli məxluqların törətdiyi faciələrdən və buna bənzər düşmənçilik siyasətindən əziyyət çəkənlərdən biri də mənim yaşadığım, sakini olduğum Tərtərimdir. Səfalı mənzərəsi, təmiz havası, sərin suları ilə məşhur olan Tərtər rayonu həmişə mənfur qonşuların xəyanətlərinə düçar olub. Lakin mərd, igid insanların mübarizliyi sayəsində torpağının bir qarışını belə düşmənə təslim etməyib. Məndən yaşadığım yeri soruşanda ürəklə “Qəhrəman Tərtərim” deyirəm. Bir qarış torpağını mənfur düşmənə vermə-yən, canı bahasına döyüşərək qəhrəmanlıq göstərən, Vətəninin darda olduğunu görüb evdə ağlar körpəsini, xəstə valideynlərini qoyub: “Mən gedirəm, gün o gündür, vətənə borcumuzu qaytarmaq vaxtıdır”– deyib silahlanan, mərd oğullar yetişdirən qəhrəman yurdum. Bu igidlərin hər biri bir evin çırağı, ümid yeri olduqlarını bilərək, ölümü düşünmədən vətənin müdafiəsinə qoşuldular. Nəticədə “Dəmir yumruq” kimi sıx birləşərək Zəfər tarixi yazdılar. Məlumdur ki, Tərtər də erməni təcavüzündən ən çox əziyyət çəkən bölgələrdən olub. Ərazidə tez-tez atəşkəs pozulurdu, dinc sakinlərə ziyan vurulur, ölüm hadisələri baş verirdi. Yadımdadır, uşaq vaxtlarımda babamgildə qalırdım.Mənim öz otağım vardı–rahat, işıqlı, fərah. Lakin gecə gözlərimi yumanda qulağıma gələn atəş səsləri o rahat otağımda kiçik yaşlı bir qızın hüzurunu qaçırırdı. Əsgərin kim olduğunu mənə babam da-nışmışdı. Səngərdə bizi igidcəsinə qoruyan qəhrəmanlarımız haqqında bilmək qorxularımın azalmasına kömək olmuşdu. Artıq böyüdükcə güllə səslərinə alışmışdım. 2020-ci il sentyabrın 27-də başlayan müharibə isə fərqli oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlər dağıldı, hərbi və mülki şəhidlərimiz oldu. Raket mərmilərindən biri bizim həyətimizə düşmüşdü. Buna baxmayaraq, heç kəs evini, yurdunu tərk etmədi. Sakinlərimiz ev-eşiklərindən didərgin düşmədilər. Rayon rəhbərliyi ilə birlikdə tərtərlilər Tərtərdən bir addım uzaqlaşmadı, təşkil olunmuş sığınacaqlarda arxa cəbhənin müdafiəsində dayandılar. 44 gün davam edən Vətən müharibəsindən xalqımız alnı-açıq üzüağ çıxdı. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqları-mızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək, kəndlərimizi, strateji yüksəklikləri sürətlə azad etdilər. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə demişdir: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti sayəsində 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.
30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi!
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi.
Sevda Nəsir