Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13Avq

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Əskipara  kəndində səyyar-qəbul görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

    Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar.

    Rayon rəhbəri bildirib ki, bu gün də erməni silahlı birləşmələri dinc dayanmırlar. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər.

    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

    Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
    Rayon rəhbəri Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacağını və əks cavab tədbirləri  daha da sarsıdıcı olacağı barədə məlumat verdiyini bildirib.

    Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

    Bildirilib ki, Əskipara kənd İnzibati Ərazi dairəsinin 1230 hektar ərazisi, 294  təsərrüfatı, 1174 nəfər əhalisi, 766 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 poçt, 1 ATS, 1 kitabxana, 4 ticarət, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

    Sakinlər 494 baş iribuynuzlu, 860 baş xırdabuynuzlu heyvan, 6400 baş quş, 25 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.

    Kənddə elektrik xətlərinin bir hissəsi kabelləşdirilib, baramaçılığın inkişafı üçün kənd ərazisində 2500 ədəd çəkil tingi əkilib. 1000 metr su arxları lildən təmizlənib, 500 metr kəndarası yol təmir olunub və abadlaşdırılıb.

    İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

    Rayon rəhbəri sonra sözü sakinlərə verib.

    Kənd sakinlərindən birinci Qarabağ müharibəsi qazisi Əli Əsədov övladlarının müalicə olunması, Vətən müharibəsində evinə dəymiş ziyanla bağlı aparılan təmir işlərinin tamamlanması, mənzil növbəsinin tezləşdirilməsi, Fikrət Qasımov, Vidadi Hüseynov Vətən müharibəsində evlərinə dəymiş ziyanla, Zakir Mirzəyev həyətyanı torpaq sahəsində yaranan mübahisə, Seymur Qasımov isə yeni subartezian quyusunun qazılması işlərinin tezləşdirilməsi ilə bağlı müraciət ediblər.

    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

     

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.