Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun İsmayılbəyli kənd sakini Əlizadə Elşən Faiq oğlununun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 16-da yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Şəhid Elşən Əlizadə 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət ediblər, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.