Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Müharibə əlillərindən bir qrupu redaksiyamıza gələrək, onlara göstərilən qayğıya görə rayon qəzeti vasitəsilə Prezidentimizə təşəkkürlərini çatdırmağı xahiş ediblər.
Rəsul Məmmədov, I Qarabağ müharibəsi əlili, Tərtər rayonu üzrə DİN-in “Qələbə” Əlillər Cəmiyyətinin sədri: II qrup Qarabağ müharibəsi əliliyəm. 1991-1994-cü illərdə polis işçisi kimi Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanmışam. Böyük oğlum Süleyman memar-dizayner, kiçiyi Məhərrəm isə idmançıdır. Ailəmiz daim dövlətimizin diqqət və qayğısını hiss edir. Buna görə də müharibədə əmək qabiliyyətimi itirsəm də, övladlarımın boya-başa çatdırılmasında heç bir çətinliyim olmayıb.Təqaüd alıram, indi isə cənab Prezidentin verdiyi birdəfəlik ödəmə ailəmizin maddi durumunun daha da yaxşılaşmasına kömək edəcək.
Biz I Qarabağ müharibəsi əlilləri 44 günlük Vətən müharibəsində də, bu gün də daim cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı xarici və daxili siyasəti ürəkdən dəstəkləyirik. Təşəkkürlər, cənab Prezident! Allah Sizi qorusun!
Azər Quliyev, şəhər sakini, II qrup əlil: 1986-19888-ci illərdə Əfqanıstanda gedən müharibənin iştirakçısı olmuşam. Bu müharibədə müxtəlif növ texnikanı idarə etməyi öyrənmişdim. Ona görə də torpaqlarımıza qarşı erməni təcavüzü başlayanda, könüllü olaraq Vətənin müdafiəsinə qalxanların sırasında oldum. Əvvəlcə könüllü özünümüdafiə dəstələrinin tərkibində, 1991-ci ildən isə Tərtər Özünümüdafiə Batalyonunun tərkibində vuruşmuşam. BMP-nin sürücü-mexaniki idim. 1992-ci ilin may ayında minaya düşüb yaralandım, hospitaldan yarımçıq çıxıb, yenidən cəbhəyə qayıtdım və ikinci dəfə yaralandım.
Prezidentimizdən, dövlətimizin qayğısından çox razıyam. 2015-ci ildə ikiotaqlı mənzillə təmin olunmuşam. İndi isə 6 min 600 manat birdəfəlik ödəmə almışam. Yəni biz unudulmamışıq. Sağlamlığımızı itirsək də, cənab İlham Əliyevin daimi diqqəti sayəsində ailəmizin güzəranı yaxşıdır. Oğlum Nurlan Ələkbərli mənim yolumu davam etdirir. Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmət edir. Hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir.
Ailəmiz adından, Tərtərdə yaşayan çoxsaylı I Qarabağ müharibəsi əlliləri adından Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Biz hər an Ali Baş Komandanımızın əmri ilə yenidən döyüşlərə qatılmağa hazırıq. Allahdan sizə uzun ömür, cansağlığı arzulayırıq, cənab Prezident!
Elçin Abdullayev, II qrup Qarabağ əlili, şəhər sakini: 1991-1993-cü illərdə Ağdərə uğrunda gedən döyüşlərin iştirakçısıyam. Müharibə zamanı üç dəfə yaralanmışam. Qan tökdüyümüz, şəhid verdiyimiz torpaqların işğal altında olması bizi çox narahat edirdi. Sağ olsun Ali Baş Komandanımız, Prezident İlham Əliyev! Onun komandanlığı ilə şanlı Ordumuzun əldə etdiyi Zəfər sanki ömrümüzü uzatdı, başımızı uca etdi.
Müharibə əlili kimi hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss edirəm. Həyətimizdə bizə hər cür şəraiti olan ev tikiblər. Təqaüd alıram. İndi isə birdəfəlik ödəmənin alınması ailəmizi çox sevindirdi.
Bu qayğı və diqqət o deməkdir ki, unudulmamışıq. Buna görə də cənab İlham Əliyevə təşəkkür edir və bildiririk ki, lazım gələrsə, onun əmri ilə yenidən düşmənə qarşı vuruşmağa hazırıq. Allah bu torpaq uğrunda şəhid olanların hamısına rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizi qorusun!