ƏHALİNİN MADDİ VƏ SOSİAL DURUMU YAXŞILAŞIR
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Seydimli kəndində səyyar qəbul-görüşü keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nü-mayəndələri, bələdiyyə sədrləri, KİV-in əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar qəbul-görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar.
Rayon rəhbəri bildirib ki, bu gün də erməni silahlı birləşmələri dinc dayanmırlar Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq, avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayo-nunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silah-lılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Rayon rəhbəri Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq, bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısının qətiyyətlə alınacağı və əks cavab tədbirlərinin daha da sarsıdıcı olacağı barədə məlumat verdiyini bildirib.
Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Seydimli kənd İnzibati Ərazi Dairəsinin 1032 hektar ərazisi, 686 təsərrüfatı, 2763 nəfər əhalisi, 648 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 poçt, 1 ATS, 1 kitabxana, 1 körpələr evi-uşaq bağçası, 10 ticarət, 2 məişət və 7 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
Sakinlər 1015 baş iribuynuz-lu, 2016 baş xırdabuynuzlu heyvan, 13185 baş quş, 286 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.
Kənddə elektrik xətlərinin kabelləşdirilməsinə başlanıb. 3000 metr kəndarası yol təmir olunub, əraziyə 360 ədəd müxtəlif ağac əkilib. 800 metr su arxı lildən təmizlənib, kəndarası yollar abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən şəhid ailəsi Rəna Hüseynova Vətən müharibəsi zamanı və təbii fəlakət nəticəsində evinə dəymiş ziyanın aradan qaldırılması, Vətən müharibəsi iştirakçısı Sərxan Əliyev tikinti materialı ilə köməklik edilməsi, Ələddin Süleymanov, Reyhan Şahba-zova kəndarası yollara asfalt çəkilməsi, Rəşid Məhərrəmov oğlunun pensiyasının kəsilməsi və Vətən müharibəsində iştirak edən nəvələrinin işlə təmin olunması, Günel Quliyeva sosial yardım almasına köməklik edilməsi, Lətif Atakişiyev, Məhbub İsmayılova, Elbrus Rzayev evlərinin təmirinə köməklik edilməsi ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bundan əvvəl rayon icra hakimiyyətində keçirilən qəbulda 45 nəfər vətəndaşın müraciəti dinlənilib. Onların arasında olan şəhid ailələri və qazilər növbədənkənar qəbul olunublar.
Müraciətlərin əksəriyyəti qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.