Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    Qəhrəmanlarımızın, istedadlı insanların həyatı ilə yaxından tanış olduqca görürsən ki, onların əldə etdiklərinin bir qismi gərgin zəhmətin bəhrəsidirsə, digərləri də kökdən, nəsildən gələn fitri qabiliyyətlərin, əsrlərlə qazanılmış milli-mənəvi dəyərlərin qiymətləndirilməsinin, bunların uca tutulmasının nəticəsidir.
    Mənsub olduğu nəslin adını ucadan da uca edən insanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, usta dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevdir. Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya göz açmışdır.
    Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “kalvavəllər” – Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Əliyev Vaqif İsmayıl oğlunun ikinci oğludur.
    Bu, ilahi bir qismətdir, yoxsa alın yazısıdır, deyə bilmərəm, ancaq elə bil həyat özü uşaqlığından onu yüksək şəhidlik məqamına hazırlayırdı. Belə ki, ötən əsrin 80-ci illərində Anarın valideynləri iş yeri ilə əlaqədar keçmiş DQMV-nin Ağdərə rayonunun Həsənqaya Sovetliyinin Göyarx (o zaman ermənilər bura Levonarx deyirdilər) kəndinə köçmüşdülər. Gələcəyin məşhur hərbçisi, düşmənə qan udduran gözəgörünməz kəşfiyyatçı, fitri istedada malik komandir Anar Əliyev 1986-ci ildə ilk dəfə məhz burada, rusdilli məktəbdə erməni uşaqlarla bir partada əyləşərək, elmin sirlərinə yiyələnməyə başlamışdır. Rus dilində təhsilə başlaması müxtəlif xarici dillərin öyrənilməsinə maraq yaratmış, bu isə gələcək həyatında onu pillə-pillə ucaldan səbəblərdən biri olmuşdur. İkincisi, azərbaycanlıların qatı düşmənləri ilə kiçik yaşlarından təmasda olan qəhrəmanımız on-ların hiyləgər xüsusiyyətlərini də öyrənə bilmiş və bunları yaddaşında saxlamışdır. O, 1988-ci ilə qədər təhsilini həmin məktəbdə almışdır. 1988-ci ildə erməni terrorçularının havadarlarının köməyi ilə başladıqları hadisələr nəticəsində Vaqif müəllimin ailəsi məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır.
    Vaqif müəllim deyir ki, Anar ilk dəfə olaraq erməni xislətinin iç üzünü məhz bu hadisələr zamanı görmüşdü.
    Bundan sonra Anar Əliyev təhsilini Bəyimsarov kənd orta məktəbində Azərbaycan dilində davam et-dirmişdir. 1993-cü ildən 1995-ci ilədək isə Şəmkir rayonunun Yuxarı Çaykənd kənd orta məktəbində təhsil alıb. Gələcək hərbçinin həyatı uşaqlığından belə alınıb, yaşadığı, təhsil aldığı ünvanlar, yoldaşları, müəllimləri tez-tez dəyişib və dəyişdikcə, təcrübəsi də artıb, dünyagörüşü formalaşıb.
    1995-ci ildə o, Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 1997-ci ildə həmin liseyi bitirmişdir.
    1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin məktəbi “qoşun kəşfiyyatı” ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra ona leytenant hərbi rütbəsi verilmiş və Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
    2002-ci ildə dinləyici kursunu bitirib Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün “N” saylı hərbi hissəyə göndərilmişdir.
    O, hərbi hissənin xüsusi təyinatlı tağım komandiri, bölük komandiri, taborun bölük komandiri, xüsusi təyinatlı dəstə komandirinin müavini, xüsusi təyinatlı dəstə komandiri vəzifələrində çalışaraq, üzərinə dü-şən işin bütün incəliklərinə yiyələnmişdir. Əsgərləri onu həm komandir, həm də valideyn, qardaş gözündə görürdülər. Hətta kimsə xəstələnəndə ilk yardım göstərməyi, həkim olmağı da ba-carırdı. Bir sözlə, gənc komandir tabeliyində olanlara arxadayaq, həm də nümunə idi.
    Anar Əliyev 2013-cü ildə Azərbaycan Silahlı Qüvvə-lərinin Hərbi Akademiyası-na daxil olmuş, 2014-cü ildə həmin Akademiyanı bitirərək Müdafiə Nazirliyinin ərmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
    Burada müxtəlif məsul vəzifələri uğurla icra edən Anar Əliyev Vətən müharibəsi başlanan gündən xüsusi təyinatlıların hərbi hissə komandiri təyin olunmuş və bu vəzifəni son anadək – 2020-ci ilin oktyabrın 21-dək şərəflə yerinə yetirmişdir.
    Qeyd edək ki, 2015-ci ildə Müdafiə Nazirliyinin əmri-nə əsasən müstəsna xidmətlərinə görə Anar Əliyevə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilmiş-dir.
    Anar Vaqif oğlu təlimlərdə əldə etdiyi təcrübədən kəşfiyyata dair kitab yazmaq istəyirdi. Bir neçə əcnəbi dil bildiyinə görə, ölkə daxilində keçirdiyi təlimlərlə yanaşı, bir neçə xarici dost ölkələrin də hərbi təlim və kurslarında iştirak etmiş, Azərbaycan hərbi qüvvələrini layiqincə təmsil etmişdir. Belə ki, o, Türkiyədə, Macarıstanda, Çexiyada, İsveçrə Konfederasiyasında, Rumıniyada, Sloveniyada, Pakistanda müxtəlif kurslarda, həmçinin İordaniya Krallığında baş tutan Xüsusi Əməliyyat Qüvvələrinin Sərgisində iştirak etmişdi. Hər yerdə Anar Əliyevin xüsusi hazırlığı, yüksək biliklərə sahib olması, müxtəlif dillərdə sərbəst danışması heyranlıqla qarşılanır, onu hərb sahəsinin əfsanəsi kimi qəbul edirdilər.
    2018-ci ildə mayın 20-dən-27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda gedən döyüşlərdə Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı təcrübəli zabiti kimi yaxından iştirak edərək, işğal altında olan 14 min hektar torpaqlarımızın azad olunmasına öz töhfəsini vermişdir.
    Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunmuş və Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun atəş nəzarəti altına keçmişdir.
    Bu döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Pre-zidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Anar Əliyev “Şücaətə görə” medalı ilə təltif edilmişdir.
    İkinci Qarabağ müharibəsi başlayanda, Anar Vaqif oğlu Naxçıvandaydı, lakin komandanlığa müharibədə iştirak etmək üçün müraciət etmişdir.
    Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığının mü-vafiq sərəncamına əsasən təcrübəli hərbçi 11 oktyabr 2020-ci il tarixdən 2-ci Qarabağ müharibəsində iştirak etməyə başlamışdır.
    Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq, strateji əhəmiyyətli Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.
    Onun da rəhbərliyi altında gedən döyüşlər və komandiri olduğu Xüsusi Təyinatlı briqadanın fərqlənməsi nəticəsində Füzuli və Xocavənd rayonlarının bir sıra kəndləri düşməndən təmizlənmişdir.
    Oktyabrın 21-də Xüsusi Təyinatlı Qüvvələrin ko-mandir müavini Zaur Cavanşir və keçmiş komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, həmçinin Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdir.
    Döyüş yoldaşlarının dediklərinə görə, o, qəflətən sağ qolundan, sonra isə sağ gözündən vurulmuşdur. Ona ilk tibbi yardım edən həkim Adil Əfəndiyev olur. Həkim komandirin vurulduğunu görür, qabağa atılır, Əliyevin gözünə iynə vurur. Lakin yaxında olan qarşı tərəfin açdığı güllələr və atdığı əl qumbaralarından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev oktyabrın 21-də şəhid olurlar.
    Oktyabrın 23-də qəhrəman kəşfiyyatçının nəşi mühasirədən çıxarılaraq, Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabrda boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndində onunla vida mərasimi keçirilmişdir. Son vida mərasimindən bir gün sonra, 25 oktyabr 2020-ci il tarixdə izdihamla Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşi və Azərbaycan Himninin sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
    Anar Əliyev Vüsalə Əliyeva ilə ailəli idi. Nigar və Əli adlı 2 övladı vardır.
    Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublika-sının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsur-suz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşdur.
    Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
    Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tərtər şəhərinin mərkəzi küçələrindən birinə Anar Əliyevin adı verilmişdir.

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.