Tərtər Olimpiya İdman Kompleksi 2 il bundan əvvəl, 2020-ci ilin 3 iyun tarixində istifadəyə verilib. Kompleksin açılışında dövlətimizin başçısı İlham Əliyev iştirak edib. Bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Qeyd edək ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kopleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Burada müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, baksketbol və trenajor zalları, tennis kortu inşa edilib. Həmçinin mehmanxana, konfrans zalı, restoran , qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar var. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etməsi üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib. Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev deyib: “Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır”. Kompleksin istifadəyə verildiyindən keçən müddət ərzində Vətən müharibəsi, sonra isə pandemiya dövrü burada işləri bir qədər ləngitmişdi. Cari ilin aprel ayında Emin Dadaşovun Tərtər Olimpiya İdman Kompleksinə direktor təyin edilməsindən sonra burada işlər canlanıb.
Bu günlərdə Emin Dadaşovu redaksiyamıza dəvət edib, Kompleksin fəaliyyəti ilə bağlı müsahibə almışıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
– Emin müəllim, bilirik ki, siz bu vəzifəyə təyin ediləndən sonra keçirilən ilk böyük tədbir 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdu. Bu, təsadüf idi, yoxsa?
– Məlumdur ki, uşaqlar ölkəmizin gələcəyidir. Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Odur ki, bu tədbir vaxt baxımından həmin dövrə təsadüf etsə də, bir növ həm də rəmzi xarakter daşıyırdı. Çünki həqiqətən bizim Olimpiya Kompleksində hər şey məhz uşaqların, böyüyən gənc nəslin, eləcə də bütün rayon sakinlərinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Tədbirdə rayon rəhbəri Müstəqim Məmmədovun, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovanın, şəhid ailələrinin, qazilərin iştirakı bu bayramı çox yaddaqalan və möhtəşəm etmişdi.
–Rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanan ikinci tədbir ilk dəfə rayonumuzda bədii gimnastika üzrə VI bölgələrarası yarışın məhz Tərtərdə keçirilməsi oldu.
–Sevindirici haldır ki, Kompleksimizin infrastrukturu nəinki respublika, hətta beynəlxalq miqyaslı yarışların da keçirilməsinə imkan verir. Bu yarışda Bakı və 9 rayondan gimnastlar iştirsak ediblər. Yarışlar 4-5 iyun tarixlərində keçirilsə də, qonaqlar iki gün əvvəl gəlib rahat şəraitdə məşq edə biliblər. İdmanın gimnastika növü rayonumuz üçün yeni olsa da, maraq göstərənlər çoxdur. Buna görə də Ginmastika Federasiyasına məşqçi-müəllim hazırlanması üçün müraciət etmiş və namizəd göndərmişik.
–Emin müəllim, bildiyimizə görə, rayonumuzda üzgüçülüklə məşğul ol-maq istəyənlərin də sayı gündən-günə artır. Bu sahədə işlərinizi necə qurmusunuz?
–Üzgüçülük üzrə məşqçilərimiz Mingəçevirdə təcrübə keçiblər. İlk növbədə onlardan peşəkar davranış qaydalarına əməl edilməsi tələb olnur. Uşaqlar idmanın bu növünü çox sevirlər.
Güləş, boks, tennis zallarında da gün ərzində məşğul olanların sayı çoxdur. Tərtərdə həndbol komandası yaratmaq istəyirik. Bu yaxınlarda isə sərbəst güləş üzrə Tərtər rayon birinciliyi müvəffəqiyyətlə keçdi. Yarışlara 120-yə yaxın idmançı qatılmışdı.
–Tərtər Olimpiya İd-man Kompleksinin açılışında Prezident İlham Əliyev deyib: “Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq–həm fiziki cəhətdən, həm mənəvi baxımdan”. Məhz idmanın kütləviliyinin artırılması məqsədilə sız hansı işləri görürsünüz?
–Hər həftənin sonu-yəni şənbə və bazar günləri stadionlarda, məşq və trenajor zallarında kütləvi oyunlar, yarışlar və digər idman tədbirləri keçirilir. Bu tədbirlərə qatılan hər bir tərtərli öz fiziki hazırlığını daha da artıra bilər. Sonda onu da bildirmək istəyirəm ki, bizim Kompleksdə şəhid ailələrinə və qazilərə göstərilən xidmətlər ödənişsizdir.
Olimpiya İdman Kompleksi getdikcə daha çox hər bir tərtərli ailəsinin həyatına daxil olur. Kimi bura uşaqlarını, nəvələrini göndərir, kimi isə özü idmanın ürəyinə yatan növü ilə məşğul olur. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, indi Tərtərdə də idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var.
Müsahibəni apardı:
Svetlana Bağırova