Qalib Ordunun zabiti olmaq şərəfdir
Baş leytenant Qoşqar Bayramov bu hissi yaşayan insanlardan biridir. Buruc kənd tam orta məktəbində ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fənnini tədris edir, Vətən müharibəsi veteranıdır. Qoşqar Bayramov bu gün müəllim kimi fəaliyyət göstərdiyi məktəbin məzunudur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hazırlıq və fiziki təlim fakültəsini bitirib. Elə o vaxtdan da təyinatla bu məktəbə gəlib.
Qoşqar müəllim 2020-ci il sentyabrın 20-dən ordu sıralarına çağırılıb və həmin ilin 30 dekabrında, yeni ilə bir gün qalmış təxris edilib. Tağım komandiri olub. Əvvəlcə Ağdam istiqamətində, sonra Suqovuşanda xidmət edib. O deyir ki, Böyük Qələbədən sonra bir vətəndaş, zabit və müəllim kimi həyatı tamamilə dəyişib. Təkcə onun yox, xalqımızın həyatı dəyişib.
Qoşqar müəllimin söhbətindən:
–Biz məğlub, torpaqları işğal altında olan millətdən 44 gün ərzində qazanılan Zəfərlə dünyanı heyran qoyan bir xalq olduq. Bunun nə qədər qürurverici olduğunu uşaqlara dərs dediyim zaman anlayıram. Əgər əvvəllər şagirdlərimə işğal tarixləri barədə məlumat verirdimsə, indi Şanlı Azərbaycan Ordusunun qalibiyyətli addımları barədə danışıram, Şəhidlərimizin qəhrəmanlığı, qazilərimiz haqqında məlumat verirəm. Bunlar hələ ki dərsliklərdə tam əksini tapmasa da, öz gözlərimlə gördüklərimi,yəni artıq tarixə çevrilən həyat dərslərini onlara çatdırıram . Əminəm ki, bu cür canlı söhbətlərin uşaqların hərbi-vətənpərvərlik tərbiyəsində böyük rolu olacaq.
Baş leytenant Qoşqar Bayramov müharibə vaxtı komandiri olduğu tağımla əsasən alınmış ərazilərin müdafiəsində dayanıb. O deyir ki, bəzən müdafiə hücumdan da böyük məsuliyyət, cəsarət tələb edir. Məkrli düşmən bir an belə din-cəlmirdi, zərbə vurmağa çalışırdı. Əsgərlər şəhid olur, yaralanırdılar.
– Qələbə xəbərini necə eşitdiniz? – sualına isə Qoşqar müəllim belə cavab verdi:
– Rabitəçi əsgər bu xəbəri bizə çatdıranda, sevincimizin həddi-hüdudu olmadı. Gecə olsa da səmamız o qədər işıqlıydı ki, sanki Suqovuşanın üzərində günəş doğmuşdu. Səmadakı mərmilər isə sayrışan ulduzları xatırladırdı. Bizə elə gəlirdi ki, bunlar şəhidlərin ruhudur, Qələbəyə sevinir.
Veteran müəllimimiz ailəlidir. 3 övlad atasıdır. O deyir ki, torpaqlarımız işğaldan azad olunub və bu gün böyüyən nəsil o torpaqlarda qurub-yaradacaq, əmin-amanlıq şəraitində yaşayacaq.
Svetlana Bağırova