Televiziya ekranı və milli mentalitetimiz
«Dəyirman öz işindədir, çax-çax baş ağrıdır»
(Atalar sözü)
Hazırda televiziya ekranlarından milli mentalitetimizə vurulan ağır zərbələri ən azından bir qədər yumşaltmaq üçün yüksək səviyyələrdə, hətta Prezident adminstrasiyasının rəhbəri hörmətli Ramiz Mehtiyev tərəfindən dəfələrlə kəskin iradlar söylənilməsinə baxmayaraq, onlar yenə öz əməllərindədir, yəni «Dəyirman öz işindədir, çax-çax baş ağrıdır». Mən də dəfələrlə milli-mentalitetimizə qənim kəsilən, düşmən mövqeyindən əl çəkməyən bu üzdən iraq televiziya kanalları haqqında ciddi yazılar yazıb respublika mətubatında çap etdirmişəm. Lakin «zəhmətim özümə qalıb», heç kəs bu yazılara əhəmiyyət verməyib, yəni «cəhd çarıq yırtar» məntiqindən o yana getməyib.
Yaxşı, bəs nə edək? Oturub gözləyək ki, görək bu millimənəviyyatsızlar milli-mənəvi dəyərlərimizin axırına nə vaxt çıxacaqlar?! «söz azadlığı», «müstəqillik» anlayışlarını əllərində bayrağa çevrilib, bu qədim-qayın xalqın tarixinə ermənilərdən betər ləkə yaxan, adət-ənənələrimizə xor baxan müstəqil televiziya kanallarına hansı yolla təsir olunmalıdır ki, onlar bu nankorluğa son qoysunlar?!
«İndi bazar iqtisadiyyatıdır»–deyib, «başlı-başını saxlasın» prinsipi ilə işləyərək, Azərbaycan xalqının milli mental dəyərlərini yıxıb sürümək də düz deyil, axı! «Dədəm mənə kor deyib, hər yetəni vur deyib» düşünərək, ağına-bozuna baxmadan milli-mənəvi keyfiyyətlərimizə yad və iyrənc olan əməlləri təlqin və təbliğ etmək hansı əndazəyə sığır ki?
Respubilikamızda hamı dırnaq arasında olan məşurları da, ulduzları da yaxşı tanıyır, onların və ailələrinin tərbiyələrinə də bələddirlər. Mən heç kimi təhqir etmək fikrində deyiləm. Lakin televiziya kanalları xalqımızın yaxşı tanıdığı həmin, sizdən, üzr istəyirəm, pozğun «məşhurları» ulduz kimi təqdim və təbliğ edəndə adam əsəbini saxlaya bilmir, bu əttökən və cılız şou oyunlarını təşkil edənlərə qarşı nifrət hissi ilə silələnir. Atalar deyib: «Qorx qoxmazdan, utan utanmazdan». Adam bu utanmazlardan həm utanır, həm də qorxur. Utanır ona görə ki, indi də sanballı ağsaqqallarımız və xanım-xatın ağbirçəklərimiz var, indi də dağ çiçəyi tək məsum və təmiz qızlarımız var, indi də ədəb-ərkanlı, böyük-kiçik yeri bilən tərbiyəli oğlanlarımız çoxdur, onların gözləri qarşısında gör nə oyundan çıxırlar?! Adam qorxur ona görə ki, belə əxlaqsızlardan hər nə desən gözləmək olar və bu günkü günə şükür edərsən.Deyək ki, dövlət səviyyəsində bu biabırçılığın qarşısının alınması üçün ciddi qadağalar qoyulmur ki, yerli həm də əcnəbi mətbuat, müxtəlif təşkilatları o cümlədən İnternet mediası şivən qoparacaqlar ki, Azərbaycanda sərbəst söz və fikir azadlığı boğulur, müstəqil televiziyaların hüquqları tapdanır.
Bu isə ölkəmizin imicinə zərər gətirən amildir
. Amma belə hərki-hərkinəlikdə olmaz, axı! Məsələn, bu boyda milləti saymadan Aygün Kazımova yarımlüt şəkildə ekranlara çıxıb öz eşq məcaralarından, harasında nə cür plastik əməliyyatlar aparıldığından danışır, qızı İlqarənin tərbiyəsiz hərəkətlərini əks etdirən video çəkilişin sosial şəbəkələrdən götürülməsi üçün neçə milyon manat vəd verir. Faiq Ağayev və yaxud Samir Bağırov ekrandan bu xalqa kişilik dərsi keçir. Rəksanə (qızı Aysunu demirəm hələ), Səidə Sultan, «Pişik Günel» və onlarla belələri televiziyadan anna-bacılarımıza öz «gözəl xasiyyətlərini» həyat tərzlərini və davranış qaydalarını nümayiş etdirirlər, yox, bu lap ağ oldu və bundan o yana yer yoxdur!
Mətanət kimi (ATV), Rəhim Rəhimli (Lider) kimi və digər dingiş, aparıcılar verilişlərdə bir qırıq xeyirli nə varsa, onu da öz düşük hərəkətləri ilə ucuzlaşdırırlar. «Ayıbdır!» sözü bunların qarşısında çox zəif və təsirsiz səslənir.
Yox, belə davam edə bilməz! Heç kimə hüquq verilməyib ki, bu ulu xalqın hissiyatı ilə oynasın, milli-mənəvi dəyərlərimizi təhqir etsin! İstəyirsən adını «şou» qoy, istəyirsən «bazar iqtisadiyyatı». Bunun heç birinin xalqın mental dəyərlərinə zərrə qədər də ziyanı dəyməməlidir!
Götürək Azərbaycanın televiziya kanallarında nümayiş etdirənləri kino filmləri, teleserialları. İnsanlara ya zorakılıq və qətillər aşılayır, ya da ailədaxili münaqişələr. Düzdür, bunlarda açıq-saçıq erotik hərəkətlər, əcnəbi filmlərdə olduğu kimi ikrahoyadıcı kişi-qadın münasibətləri çılpaqlığıyla göstərilməsə də, qeyd etdiyimiz elementlər baxımından zərərli tendensiyalar yer tapır.
Demək olar ki, bütün televiziya kanalları bu camaata vay xəbərlər, ölüm hadisələri, qətillər, oğurluq və yanğın o hadisələri, zorlama cinsi təcavüz məişət zorakılıqlarını çatdırmaq üçün yarışa çıxıblar. Heç şad xəbərləri bir o qədər təqdim etmirlər. Onlar fikirləşmirlərmi ki, bu verilişlərə təkcə ölkəmizdə deyil, bir çox xarici ölkələrdə və bizdə baş verən əksər kriminal halların nümayişi Azərbaycanın artan nüfuzuna mənfi təsir göstərir?
Azərbaycanın televiziya kanallarında gedən reklam çarxlarına baxırsınızmı?
Yeri gəldi-gəlmədi, sözlərinə və mənasına əhəmiyyət vermədən, uzun-uzadı və tez-tez göstərilən reklamlar yalnız və yalnız adamları nevroz xəstəliyinə salmaq üçündür. Düzdür, başa düşürük ki, reklamlardan televiziya kanalları yüksək gəlir götürür. Lakin, hər şeyin, hətta yaxşı əməllərin də, bir ölçü-biçisi, bir çərçivəsi olmalıdır. Bundan kənara çıxanda urvat itir, adamların zəhləsi tökülür və narazılıqlar yaranır. Bilirəm ki, bu yazı da digərləri kimi elə kağız üzərində qalacaq. (Ayrı nə cür olmalıdır ki?) Ancaq vallah, billah, belə olmaz! Azərbaycan adlı bir məmləkətin və onun xalqının öz milli və qürurlu yolu, qeyrəti, öz milli və tarixi adət-ənənələri, mental dəyərləri var və bunların məcmusuna hörmət etmək, onları yaşatmaq hamımıın borcudur. Bunun üçün dövlət qanunlarından savayı adamın özündə də bir vicdan, təəssüf və əxlaq olmalıdır. Bu kriteriyalar olmayan cəmiyyətin sonu çox təhlükəli bir vəziyyətə gedib çıxar. Bəs nə etməli? Gəlin bu barədə hamımı fikirləşək.
Tofiq Yusif,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
«Qızıl qələm» və Məmməd Araz mükafatlar laureatı