Ermənilər Ruslan Şahbazovun atıcılıq qabiliyyətinə hələ Aprel hadisələrində bələd olmuşdular. Qarşıdakı qələbədən soraq verən o unudulmaz günlərdə Ruslan düşmənin bir neçə tankını məhv edərək, erməniləri lərzəyə salmışdı. Hətta, deyilənə görə, düşmən onun başına pul mükafatı da qoymuşdur.
Ruslan İsraildə istehsal olunan “Spayk” qurğusunun atıcısıydı. Bu sahə üzrə kursları bitirmişdi. Məşhur atıcı Aslan Hüseynovla bir hissədə xidmət edirdilər. Düşmənin heç bir texnikası onların dəqiq götürdüyü nişandan yayına bilməzdi.
Ruslan Mahir oğlu Şahbazov 1991-ci il iyulun 14-də Ələsgərli kəndində anadan olub. 2008-ci ildə bu kənddə orta məktəbi bitirib. Sonra Zaqatalada sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olub. Onun hərbiyə olan marağı, igidliyi elə o vaxtdan komandirlərinin diqqətini cəlb edirdi. Yoldaşları isə öz aralarında bu qoçaq oğlanı “Terminator” deyə çağırırdılar.
Hərbidən qayıtdıqdan sonra Ruslan bir müddət Bakıda işləyib, ancaq heç bir iş onu qane etmirdi. Hansı işə başlasa, hərbinin nizam-intizamı, qanunları ilə müqayisə edir və anlayırdı ki, onun yeri ancaq ordudadır. Bu fikirlə də 2013-cü ilin sentyabr ayından müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda fəaliyyətə başladı.
Ələsgərli kəndində çoxları bu igid oğlanı həm də alicənablığına, xeyirxahlığına görə xatırlayır. Hamıya kömək etməyi, çətinə düşənə əl uzatmağı bacarırdı, dostluqda, yoldaşlıqda təmənnasızıydı, özündən çox ətrafdakıları düşünürdü.
Sonuncu dəfə Ruslan evlərindən sentyabrın 26-da çıxmışdı. O qədər yaxşı əhval-ruhiyyədəydi ki, heç kim müharibənin başlayacağını heç ağlına belə gətirmirdi. Səhərisi gün atışma başlayanda, ailədə hamı nigarançılıq içindəydi. Cəbhədəki səslər Ələsgərlidə aydın eşidilirdi, valideynləri gurultunun içində Ruslanın “Spayk” qurğusunun səsini eşitmək istəyirdilər…
Ordumuzun ilk qələbələri haqqında xəbərlər cəbhədə və xalq arasında böyük ruh yüksəkliyi yaratmışdı. Həmin günlərdə Ali Baş Komandanımızın, ordunun və xalqın ürəyi bir döyünürdü, hamı dəmir bir yumruqda birləşərək düşmənin başına dayanmadan zərbələr endirirdi. Ruslan da “Spayk” qurğusu ilə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi.
Bütün dillərdə qələbə sözü gəzirdi. Ruslan Suqovuşan istiqamətindəydi. Həmin gün – sentyabrın 29-da o, valideynləri ilə danışmışdı. Sonra komandirləri tərəfindən tapşırıq verilib ki, ağır texnika ilə (tyaqaç) yaralıları döyüş meydanından çıxarsınlar. Ruslan da öz silahı ilə gedib. Bu əməliyyat zamanı Ruslan qəhrəmanlıqla vuruşub, düşmənə sarsıdıcı zərbələr vuraraq, tapşırığın uğurla başa çatması üçün canını qurban verib. Bir müddət ailə ondan xəbər tuta bilməyib.
Ruslan Şahbazov oktyabr ayının 10-da Ələsgərli kənd qəbiristanlığında dəfn olunub. Subay idi.
Şəhərimizin küçələrindən biri Ruslan Şahbazovun adını daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıı ilə Şahbazov Ruslan Mahir oğlu sağlığında “Hərbi xidmətlərə görə” və “Azərbaycan Ordusunun 100 illiyi” medalları, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Svetlana Bağırova