XEYİRXAHLIQ ONUN HƏYAT DEVİZİDİR
Vəli Albəndovun adı rayonumuzda böyükdən kiçiyə hamıya yaxşı tanışdır. O, bacarıqlı inşaatçı, öz işini mükəmməl bilən mütəxəssisdir. Vəli müəllim həm də xeyirxah insan, xeyriyyəçi kimi hamının böyük hörmətini qazanıb.
Tərtərimizin fəxri olan Vəli Albəndov rayonumuzun Ələsgərli kəndinin yetirməsidir. Bu kəndin əhalisinin bir hissəsi ötən əsrin 30-cu illərində Laçın rayonunun Əlimərdanlılar, Haçaz, Sonasar kəndlərindən Əlimərdanlı Cabbar adı ilə tanınmış şəxsin xeyriyyəçiliyi ilə köçürülmüş və indiki ərazidə yurd salmışdır. Kəndin əvvəlki adı Leninabad, sonrakı adı Nərimaniya olmuşdur. 1991-ci ildən kənd əhalisinin böyük əksəriyyətinin rəsmi imzası ilə 1934-cü ildə təməli qoyulmuş “28 Aprel” kolxozunun yaradıcısı və sədri Zamanov Ələsgər Zaman oğlunun şərəfinə bura Ələsgərli adlandırılmışdır.
Bu kəndin sakinləri bir qayda olaraq zəhmətsevərlikləri, mehribançılıqları, bir-birinə arxa-dayaq olmaları ilə seçilmişlər. Vəli Albəndov məhz belə bir mühitdə dünyaya göz açmış və böyümüş, ətrafında xeyirxahlıq və yaxşılıq görmüşdür.
O, 1952-ci il yanvarın 20-də anadan olub. 1958-1966-cı illərdə Ələsgərli (keçmiş Nərimaniya) kənd səkkizillik məktəbində oxuyub. Sonra təhsilini Tərtər şəhər 1 saylı tam orta məktəbində davam etdirib və 1968-ci ildə həmin məktəbin onuncu sinfini bitirərək, orta təhsilini başa vurub.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, həmin illərdə mən həmin məktəbdə müəllim kimi fəaliyyət göstərmişəm və bugünkü hörmətli ziyalımızı uşaqlıq illərindən tanıyıram. Müəllim üçün ən böyük mü-kafat şagirdlərinin uğuru olduğu üçün, Vəli müəllimin həyat yolu, qazandığı nailiyyətlər bir müəllim kimi məni də sevindirir.
Vəli Nəbi oğlu Albəndov 1969-cu ildə Gəncə İnşaat Texnikumunun Mülki və Sənaye Tikintiləri fakültəsinə da-xil olub və 1972-ci ildə həmin texnikumun tam kursunu bitirərək, inşaat texniki ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1972-ci ildə Kənd Tikinti Nazirliyinin Tərtər rayon 61 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsində iş ustası kimi başlayıb və burada 1976-ci ilə qədər çalışıb.
1976-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları İdarəsinin Tərtər rayon 15 saylı Tikinti-Quraşdırma İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilib, 1977-ci ildə isə Nazirliyin göndərişinə əsasən Bərdə rayon 17 №-li SMD-nə iş icraçısı vəzifəsinə təyin olunub.
Vəli Albəndov 1977-1980-ci illərdə “Azərtikinti” Dövlət Konserninin Bərdə rayon 17 saylı SMD-də və 32 saylı TQİ-də baş iş icraçısı, 1980-1983-cü illərdə həmin təşkilatda baş mühəndis vəzifəsində işləyib.
O, 1981-ci ildə təhsilini artırmaq üçün Özbəkistan Respublikasının Daşkənd şəhərində Abu Reyhani Beruni adına Politexnik İnstitutunun İnşaat Mühəndisləri fakültəsinə qəbul olub və 1987-ci ildə həmin institutu qiyabi yolla bitirib.
1983-cü ilin oktyabr ayında Bərdə rayon Partiya Komitə-sinin göndərişi əsasında Bərdə rayonundakı Pambıq zavodları üzrə “Əsaslı tikinti şöbəsinin rəisi vəzifəsi”nə təyin olunub.
1984-cü ilin noyabr ayından 1987-ci ilin avqust ayına kimi Baş Kolxoz və Sovxozlararası Tikinti Birliyinin Bərdə rayonundakı 46 nömrəli SMD-də baş mühəndis vəzifəsində işləyib.
1987-1992-ci illərdə isə “Azərtikinti” Dövlət Konserninin Bərdə rayonundakı 32 nömrəli TQİ-nin rəisi, 1992-1996-cı illərdə “Qarabağsutikinti” Trestinin müdiri, 1996-1998-ci illərdə “Azərtikinti” Dövlət Konserninin Tərtər ra-yonunda yerləşən 15 nömrəli TQİ-nin müdiri vəzifələrində çalışıb.
Vəli Albəndov 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Tərtər rayonundakı “Qarabağsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə təyin olunub və 2010-cu ilə kimi bu vəzifədə işləyib.
2010-cu ildən “Qarabağsutikinti” törəmə müəssisəsinin bazasında “Qarabağ ER” MMC yaradılıb və həmin vaxtdan Vəli müəllim cəmiyyətin direktoru vəzifəsində çalışır.
Bu illər ərzində Vəli Albəndovun rəhbərliyi altında Bakı şəhərində və respublikamızın şəhər və kəndlərində, o cümlədən Tərtərdə onlarla yaşayış binası, hidrotexniki qurğu və körpülər, suqəbuledici qurğular, incəsənət məktəbi, məktəb binaları, tibb məntəqəsi və s. tikilib istifadəyə verilib.
Albəndov Vəli işlədiyi sahədə böyük inkişaf yolu keçərək, ictimaiyyət arasında nüfuz və hörmət qazanıb. O, Vətənini, dövlətini sevən, peşəsinin mahir bilicisi, özünə və tabeliyində olanlara qarşı məsuliyyətli, həm də tələbkardır. Qayğıkeşlik, xeyriyyəçilik Vəli müəllimin həyat devizinə çevrilib.
Vəli Albəndovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə o, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2017-ci ildə isə Vəli Albəndov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. O, eyni zamanda Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Fəxri fərmanları ilə təltif olunub.
Vəli müəllim ailəlidir, 3 övladı, 8 nəvəsi var.
Onun övladlarına və nəvələrinə verdiyi tərbiyənin əsa-sında vətənpərvərlik və xeyirxahlıq, zəhmətsevərlik daynır. Bunların canlı nümunəsi isə onun özünün keçdiyi şərəfli həyat yoludur.
Sabir Zeynalov,
keçmiş SSRİ idman
ustası, əmək veteranı