“N” saylı hərbi hissələrdə bayram tədbirləri
Rayon ərazisində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək əsgər və zabitləri 26 iyun–Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib.
Tədbirdə çıxış edən hərbi hissə komandiri Emin Kamranov, Vətən müharibəsi Qəhrəmanı Azər Abdullazadə, şəhid Elnur Abbasovun atası Yaşar Abbasov Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bildiriblər ki, bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir. Tədbirdə Tərtər Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Silahlı Qüvvələr Günü münasibətilə rayon ərazisində yerləşən növbəti “N” saylı hərbi hissədə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədə-niyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.