Qaynaq kəndinin sakini Həsən Məmmədov körpəlikdən yetim böyümüşdü. Atası cavan yaşında qəza nəticəsində vəfat etmiş, anası Xanım Əliyeva gəlin köçdüyü Xoruzludan öz kəndlərinə qayıdaraq, çətinliklə də olsa ev-eşik tikdirmiş, iki körpəsini böyütmüşdü.
Həsən evlənəndən, nəvələri dünyaya gələndən sonra bu qadının da üzü gülməyə başlamışdı. Ailədə üç uşaq – Arzu, Pərzad və Zamiq xoşbəxt idilər.
Qaynaq İƏD-nin mühasibi Vəsilə Süleymanova deyir ki, Həsən çox zəhmətkeş insan idi. Mal-heyvan saxlayır, əkinçiliklə məşğul olur, övladlarına təhsil vermək arzusu ilə yaşayırdı. Bir də həmişə deyirdi ki, mən özüm görmüşəm, istəyirəm uşaqlar atasızlığın nə olduğunu bilməsinlər.
Çox təəssüf ki, namərd qonşular bu ailənin də işıqlı günlərinə son qoydu.
44 günlük Vətən Müharibəsində Qaynaq rayonumuzun ən çox atəşə tutulan kəndlərindən biriydi. Həmin gün – oktyabrın 6-da kənd növbəti dəfə artilleriya hücumuna məruz qaldı. Həsən evlərindəydi. Mal-heyvanı, toyuq-cücəni rahatlayıb, bir az kənddən uzaqlaşmaq is-təyirdi. Ailəsi də elə yol kənarındaydı. Həsən onlar üçün evdəki ərzaqlardan götürmüş, atəş kəsənə qədər dolanmaları üçün tədarük görmüşdü.
Dayısı oğlu Dəyanət də idarə etdiyi maşınla onlara gəldi. Düşmən atəşi dayanmaq bilmirdi. Onlar birlikdə maşına əyləşib, yola çıxdılar. Lakin mənzil başına çata bilmədilər.
Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində Həsən şəhid oldu, 3 körpə atası olan Dəyanət isə ağır yaralandı.
Şəhidin qızı, X sinif şagirdi Arzu deyir ki, atamızın yoxluğu çox ağır olsa da, biz onun yarımçıq qalmış arzularını yerinə yetirəcəyik.
Həsən Məmmədov 1981-ci il fevralın 1-də anadan olmuşdu, oktyabrın 7-də Xoruzlu kəndində atasının yanında dəfn olunub.