Prezident İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.
Dövlət başçısı bildirib ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.
Bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.
İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.
Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi – bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir.
Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.
Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Cənab İlham Əliyev öz çıxışında göstərib ki, Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb.
Bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən keçən il yarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq.
Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir.
Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər.
Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü. O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi. Ondan əvvəl Laçın və Şuşa işğal altına düşdü və Kəlbəcərin işğal altına düşməsi ermənilərin planlarında idi. AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi, bu bölgədə yaşayan insanlara fikir vermirdi, onlara biganə yanaşırdı və Kəlbəcər işğal altına düşdü.
Bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi – artıq buna start verilir. Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır.
Bizə ləyaqətimizi qaytaran Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir.
Azərbaycan xalqı qurub-yaradan xalqdır
Prezident İlham Əliyevin Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edib. Dövlət başçısı bildirib ki, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.
O deyib ki, hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir.
Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək
Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır və kəsilir ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq.
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanlı xalqı qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.
Dövlət başçısının Kəlbəcər və Lacın rayonlarında görüləcək işlərlə bağlı çıxışı hər bir azərbaycanlıda qürur hissi doğurur.