Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Dövlət başçısı forumda çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir;
Böhran qaçılmazdır və artıq yaxındadır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunmalıdır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar.
Qeyd olunub ki, enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq çətindir. Mövcud vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar – istehsalçılara həqiqətdə bu, lazımdır.
Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Otuzillik işğalın ağır nəticələrini diqqətə çatdıran cənab Prezident vurğulayıb ki, Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü.
Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir.
Atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.
Bildirilib ki, ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib.
Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.
Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.
Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.
Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər;
Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib (https://e-qanun.az/framework/6783; https://e-qanun.az/framework/6785). Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi.
“Qlobal dünya nizamına təhdidlər” mövzusuna həst olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.