ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLİB
15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon təşkilatının Qərargahında ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu.
Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevidi. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbay-can üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı. Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış edib.
Çıxış edənlərdən rayon Statistika İdarəsi ərazi partiya təşkilatının sədri Ədalət Məmmədov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Sərxan Cəlahani, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, rayon Gənclər və İdman İda-rəsi ərazi partiya təşkilatının sədri Emin Pənahov, Hacıqərvənd kənd ərazi partiya təşkilatının sədri Seymur Yusibov çıxış edərək dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edərək, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərcliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən YAP sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.