Arzuların gerçək olduğu təhsil ocağı
Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
İnsan hər zaman xəyallarının arxasınca getməyi bacarmalıdır. Mən də məhz bu cür etmişəm. Hal-hazırda oxuduğum ali təhsil ocağı–Naxçıvan Dövlət Universiteti haqqında çox eşitmişdim. Amma eşitdiklərimdən daha yaxşı olduğuna burda bir daha şahid oldum. Universitetimizdə bütün ixtisaslar üçün çox yaxşı şərait yaradılıb. Təhsil aldığım ixtisas üzrə tələbələr üçün yaradılan şərait gənclərdən ötrü ən yaxşı imkanlardan biridir. Naxçıvan Dövlət Universitetinin bütün sahələrində olduğu kimi, jurnalistikada da nəzəri biliklə təcrübə eynilik təşkil edir. Belə ki, Universitetdə Jurnalistika ixtisasında təhsil alan gənclər üçün “Yeni Fikir” qəzeti, “NDU” Televiziyası, ”Nuhçıxan” radiosu fəaliyyət göstərir. 27 aprel 2006-cı il tarixdə Azərbaycan təhsil sistemi və regional jurnalistika tarixində ilk dəfə Naxçıvan Dövlət Universitetinin “Tələbə” televiziya studiyası fəaliyyətə başlayıb. Sonra isə təkmilləşərək bugünkü səviyyəyə çatıb. İndi həftədə 15 saat bu televiziyanın hazırladığı verilişlər muxtar respublika ictimaiyyətinə yayım vasitəsilə çatdırılır.
Təhsil ocağının Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi universitetlə muxtar respublikanın peşəkar KİV-ləri arasında əlaqələndirici rol oynayır. Jurnalistikada təhsil alan gənclər maraqları olduğu sahə üzrə praktiki biliklər əldə edə bilir. Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan tələbə televiziyası ən son texniki avadanlıqlarla təchiz edilib. Qəzetə marağı olan tələbələr hazırladığı yazıları “Yeni fikir” qəzetinə təqdim edir, radio və televiziya jurnalistikasına marağı olanlarsa universitetin Media Mərkəzində təcrübi biliklər əldə edə bilərlər.
“Nuhçıxan” radiosunun yaradıcı heyəti universitetin Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. Universitetdə keçirilən müxtəlif tədbirlərin işıqlandırılması, tarixi günlər, ədəbiyyat, incəsənət xadimlərinin yubileyləri, universitetdə mövcud olan fakültələrin fəaliyyəti ilə birbaşa əlaqəsi olan verilişlərin hazırlanması tələbələrin gələcək perspektivlərinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Demək istədiyim odur ki, Naxçıvan Dövlət Universitetində tələbələrin yüksək səviyyədə, peşəkar kadr kimi hazırlanması üçün çox gözəl şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, artıq II və III kursların tələbələri olan gələcək jurnalistlər muxtar respublika və ölkə mediasında öz imzaları ilə yavaş-yavaş tanınırlar.
Deyirlər ki, əgər sevdiyin peşə ilə məşğul olursansa, deməli sən həm də istirahət edirsən. Naxçıvan Dövlət Universitetində jurnalist tələbələr üçün yaradılan şərait isə indidən gələcək karyeranın təməlinin qoyulmasında hər bir tələbəyə yardımçı olur.
Sevda Nəsir,
NDU , Jurnalistika ixtisası üzrə II kurs tələbəsi