Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun növbəti səyyar qəbul-görüş rayonun Cəmilli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur.
Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb. Qeyd olunub ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını da vurğulayıb.
Sonra o, Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tovsiyə edib.
Rayon rəhbəri Cəmilli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Qeyd olunub ki, Cəmilli kənd İnzibati Ərazi Dairəsinin 925 hektar ərazisi, 486 təsərrüfatı, 2290 nəfər əhalisi, 574 hektar pay torpağı var. Ərazidə 1 tam orta, 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 iaşə, 2 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 70 hektarda buğda, 42 hektarda arpa, 302 hektarda yonca, 19 hektarda pambıq əkiblər.
Onlar 1006 baş iribuynuzlu, 1045 baş xırdabuynuzlu, 9845 baş ev quşları saxlayırlar.
Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
Rayon rəhbəri kənddə görülmüş işlərdən də danışıb. Bildirib ki, Cəmilli kəndində Vətən Müharibəsi zamanı ziyan dəymiş 2 fərdi yaşayış evi yenidən tikilib, 13 fərdi yaşayış evi isə təmir olunub.
Pay torpaqlarına gedən su arxının 3 km-i lildən təmizlənib. Nümayəndəliyin ərazisindən keçən Tərtər-Gəncə magistral yolunun kənarına 450 ədəd çəkil və 210 ədəd çinar ağacı əkilib.
2021-ci ildə əkin sahələrinin suvarılması üçün ərazidə bir yeni subartezian quyusu qazılıb.
Bir şəhid ailəsnin, 4 qazi ailəsnin evinə su çəkilib, həyətlərinə asfalt örütüyü salınıb.
Görülən işlərlə yanaşı kənddə bir sıra problemlər də var. Beləki, elektrik naqillərinin kabelləşdirilməsinə, 80 abonent üçün internet xəttinin çəkilməsinə ehtiyac var.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Sakinlər işlə təmin olunma, özünüməşğulluq problemlərinin həll olunması, Cəmilli kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, bəziləri barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Sakinlər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.