Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları
Kənd Təsərrüfatı Nazirliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə İnstitutun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda seminar keçirilib. Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bəzi özəl şir-kətlərin təmsilçiləri və ətraf kəndlərdə taxılçılıqla məşğul olan bəzi fermerlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsul olan taxılçılığın inkişafı ilə bağlı rayonda görülən işlərdən danışıb.
Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxışında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. Mövzu ətrafında çıxış edən İmran Cüm-şüdov son illərdə baş verən iqlim dəyişikliyi fonunda taxılçılıqda risklərin artmasına və fermerlərin taxıl sortlarına olan tələb-lərinin dəyişilməsinə toxunub. O bildirib ki, yüksək məhsuldarlıqla yanaşı fermerlər sortun həm də quraqlığa davamlı və tezyetişən olmasını arzulayırlar. Natiq çıxışına davam edərək taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyinə diqqət çəkib.
Çıxış üçün söz alan Faiq Xudayev seleksiya proqramının əsas istiqamətlərindən danışıb və bildirib ki, arzuolunan əlamətlərin yaradılan yeni taxıl sortlarına daxil edilməsində fermerlərin istəkləri nəzərə alınır.
Tədbirdə çıxış edən Cəfər Məhərrəmov tədqiqat institutları tərəfindən yeni sortların toxumçuluğundan söz açıb. Natiq çıxışında toxumçuluqda sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb.
Mövzu ətrafında müzakirələrə qatılan özəl şirkətlərin nüma-yəndələri və yerli fermerlər yeni sortların sınağının aparılmasında və onların toxumçuluğunun təşkilində Əkinçilik ET İnstitutu ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Tədbirin sonunda iştirakçılar Stansiyanın əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.