Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Təhsil, məktəbəqədər müəssisələrin maddi texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət yetirilib.
Rayon rəhbəri Qarabağ Regional Təhsil İdarəsinin müdiri ilə birlikdə Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə və 5 saylı körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, məktəbin və məktəbəqədər təhsil müəssisəsnin kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib, şəhər 5 saylı körpələr evi-uşaq bağçasında görülən işlərdən, uşaqların təlim və tərbiyəsindən razı qaldıqlarını, bağçada işlərin yüksək səviyyədə qurulduğunu bildiriblər. Sonra onlar tikilməkdə olan şəhid Şikar Şikarov adına 360 şagird yerlik şəhər 5 saylı, son tamamlanma işləri aparılan şəhid Aqil Məmmədov adına 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin, uzun illər qəzalı vəziyyətdə olan rayonun şəhid Vüqar Əkbərov adına Qazyan və Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün tikilən 50 yerlik yeni binalarının tikintisi ilə tanış olublar.
Yeni inzibati bina tikilən məktəblərin və körpələr evi-uşaq baxçalarının kollektivləri onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şıxarx 2 saylı tam orta məktəbində Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun sədrliyi ilə rayonun ümumtəhsil məktəblərinin direktorlarının və məktəbəqədər tərbiyə müəssisələrinin müdirlərinin iştirakı ilə geniş müşavirə keçirilib.