Dostluq, səmimi münasibətlər yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə və bir çox qarşılıqlı bağlara malik olması hər iki ölkəni bir-birinə doğma edib. Xalqlarımızın gələcək xoşbəxt həyatına xidmət edən Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmaz olacaqdır. Tarixi ənənələrə söykənən Türkiyə ilə Azərbaycan qardaşlıq münasibətləri hazırda hər iki dövlət başçısı tərəfindən davam etdirilməkdədir.
Tarixə nəzər saldıqda görürük ki, Türkiyə və Azərbaycan dövlətləri ən çətin zamanlarda bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyev isə “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə” kəlamını hər iki ölkənin gələcək nəsillərinə əbədi olaraq bir mesaj vermişdir.
Cari ilin mayın 28-də Azərbaycan xalqı Müstəqillik Gününü qeyd edərkən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycanda ilk dəfə keçirilən «TEKNOFEST Azərbaycan» Aerokosmik və texnologiya festivalında iştirak etməsi qeyd etdiyimiz qardaşlıq və müttəfiqlik münasibətinin daha bir bariz nümunəsidir. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən «TEKNOFEST Azərbaycan» festivalı bir çox tarixi məqamlarla yadda qaldı.
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qardaşlığın rəmzi olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. İmzalanmış bu bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşməsinin təcəssümüdür.
İstər Vətən müharibəsində , istərsə də beynəlxalq aləmdə Azərbaycanla bağlı məsələlərin həlli zamanı Türkiyə dövləti Azərbaycana necə mənəvi dəstək nümayiş etdirirsə, Azərbaycan dövləti də Türkiyə dövlətinin maraqlarının müdafiəsində durur. Bu da onu göstərir ki, bir millət , iki dövlət olan Türkiyə- Azərbaycan dostluğu əbədi və sarsılmaz olacaqdır!
Eldar Əsədov,
YAP Tərtər Rayon Təşkilatının sədri