1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində tədbir keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhidlərin ailə üzvləri, qazilər və onların övladları, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova qeyd edib ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş şəkildə qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
İdarə rəisi bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Sonra rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, körpələr evi-uşaq bağçalarının və Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı təqdim olunub, balacaların ifasında şeirlər səsləndirilib.
Tədbirdə iştirak eden şəhid ailələrinin üzvləri, qazilər, valdeyinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon rəhbəri tərəfindən Şəhid və qazi övladlarına bayarm hədiyyələri, tədbirin təşkilində fərqlənən körpələr evi-uşaq bağçalarının, Uşaq-Gənclər İnkişaf mərkəzinin və rayon Musiqi Məktəbinin kollektivlərinə təşəkkürnamlər verilib.