AKANABERD
Bu sərlövhəni gördükdə yəqin ki, təəccüblənəcəksiniz. Amma gəlin tələsməyək, hövsələli olaq.
Söhbət yer adlarından – toponimlərdən gedir. Toponimiya (yunanca yer+ad) dilçiliyin onomastika (adlar, xüsusi isimlər) bölməsinə aid olub yer adlarını (coğrafi adları) öyrənir. Yəni, göründüyü kimi, bunlar xüsusi isimlərdir və böyük hərflə yazılır.
Yer adlarının seçilməsi təsadüfi xarakter daşımır. Bu, xarakterik xüsusiyyətlərdən, aid olduğu məkan, etnik mühit və dildən qaynaqlanır.Bu baxımdan toponimlər kiçik bayraqlara bənzəyir, vətənin (dövlətin, xalqın) atributu olaraq.
Odur ki, tarix boyu hansısa bir ərazi yağmalanarkən orada “təmizləmə” işləri, o cümlədən toponimlərin silinməsi, dəyişdirilməsi prosesi icra edilirdi.
Bu prosesə məruz qalan xalqlardan biri də bizik. Vaxtilə Ermənistana (öz ərazisi olmadığı üçün əslində qondarma respublikaya) verilmiş torpaqlarımızdan azərbaycanlılar 1948 (qismən) və 1988-ci illərdə (tam) deportasiya edildi. Və bütün yer adları dərhal dəyişdirildi – danışan adlar susduruldu.
Mehriban qonşuluq münasibətləri bəslədiyimiz, neft kəmərinə tranzit ölkə seçdiyimiz, daima maddi və mənəvi dəstək verdiyimiz Gürcüstan da bu prosesə qoşuldu. Onlar dilləri ilə heç nə deməsələr də, əməlləri ilə hər şeyi ortaya qoydular: Borçalıdan əsərəlamət qalmadı. Daha Gürcüstanda da Azərbaycan deyə qışqıran toponim yoxdur.
Bəs biz bütün bu proseslərə niyə susduq?!…
Bu proseslər sərhədlərimizdən kənarda qalmış ərazilərimizdə baş vermişdir. Bəs sərhədlərimiz daxilində necədir vəziyyət?
Bu sualın da cavabı ürəkaçan deyil.
1920-ci ildə Azərbaycan SSR bir müttəfiq respublika olaraq təsis edildi. Gözləmək olardı ki, Azərbaycan xalqının dövlət qurumunda itirdiklərimiz ərazilərimizdə özünə yer tapmayacaq.
Lakin, təəssüflər olsun ki belə olmadı.
Torpaqlarımız hesabına dövlət yaratmış ermənilər bütün olanlara rəğmən 1923-cü ildə (7 iyul) Azər-baycan SSR tərkibində DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti – gec açılan bomba) yaradılmasına nail oldular. Və bu bomba 55 il sonra öz effektini göstərdi.
Vilayət yaradılarkən Xankəndinin adı dəyilşdirilərək erməni daşnak-bolşevik Stepan Şaumyanın şərəfinə Stepanakert qoyuldu. Vilayətin bir rayonuna da Şaumyanın adı verildi.
1930-cu ildə bir kənd rayonuna, 1938-ci ildə isə onun inzibati mərkəzinə də Şaumyan adı verildi.
Ağcabədinin bir, Daşksənin bir kəndi və Muğan suvarma kanalı da Şaumyanın adını daşıyası oldu.
Bakıda bir rayon, mədəniyyət sarayı, xəstəxana, metro stansiyası bu daşnakın adını daşıyırdı. Paytaxtda həmçinin heykəli qoyulmuş, ev muzeyi yaradılmışdı.
İndi isə doğma Ağdərə bölgəsi barədə.
Ağdərə bölgəsində 1930-cu ildə rayon təşkil edildi və o Ağdərə deyil, Ceraberd adlandırıldı (1939-cu ildən Mardakert). Kəndlərin adlarında da müvafiq əməliyyatlar aparıldı.
Beləliklə:Ağdərə-Mardakert
Ulu Qarabəy – Metşen
Kiçik Qarabəy – Moxratağ
Ortakənd – Oratağ
Çardaxlı – Maqavuz
Dovşanlı – Kiçan
Qırmızıkənd – Karmirevan
Heyvalı–Drombon (Andronikin sağ əli, Umudlu soyqırımının təşkilatçısı, cani Dronun adı ilə )
Yaycı – Koçoqot
Qızılqaya – Arqomer
Qozlu – Vaquas oldu.
Zənnim məni aldatmırsa, Vəngin ilkin adı Şahmənsur olub. Ermənilər buna Şahmasur deyirdilər. Hansı bir xoş səbəbdən ya təsadüfdən Çaylı, Talış, Canyataq, Gülyataq, Qazançı, Seysulan, Yarımça, Çıldıran, Mehmana, Zərdəxaç kəndlərinin adlarına toxunulmayıb.
Birinci Qarabağ mühari-bəsindən sonra da ermənilər xislətindən əl çəkmədi. Mənim doğma kəndim Umudluya əvvəlcə Ardaşen (Zəmikənd) adını verdilər (kəndimiz dəmyə əkinləri ilə məhşur idi). Bir müddət sonra isə Akanaberd adı çıxdı ortaya. Bu nə addır belə?
Bu barədə çox fikirləşdik, araşdırma apardıq. Bir informasiya əldə edə bilmədik. Nəhayət, bir təsadüf nəticəsində öyrəndim ki, bu bizim kəndin ərazisindəki qədim qalanın adıdır (informasiya mənbəyi, təəssüf ki, özümüzdən deyildi). Kənddən 3 km şimalda yerləşən bu qala çox yaxşı qalmışdı. Dairəvi, hündür hasarları, hasar daxilində müxtəlif təyinatlı tikililəri, o cümlədən gözətçi və oxçu bürcləri, üzərində cürbəcür yazı və işarələr həkk edilmiş nəhəng sinə daşları olan məzarlıq, gizli su xətləri, yeraltı yolları vardı. Uşaq vaxtı bu qalada çox dava-dava oynamışıq. Yalnız hamam hasardan kənarda inşa edil-mişdi. Hamamın oval künbəzində isə nəhəng bir ağcaqayın bitmişdi. Hörgü o qədər mötəbər idi ki, sanki üstündən zaman ötməmişdi və yükü nəhəng bir ağac deyil, kiçicik bir çöp idi.
Bu qalanın adını bilmirdik, ona eləcə “Qala” deyirdik. Belə eşitmişdik, belə də deyirdik. Adına nə dərsliklərdə, nə də başqa kitablarda rast gəlməmişdik. Bu mükəmməl abidəyə kiminsə gəldiyini, onunla maraqlandığını görməmişdik. Qalanın hasarlarında elə böyük daşlar vardı ki, onların ora necə qaldırıldığını başa düşə bilmirdik. Dediyim kimi sinə daşları da çox nəhəng idi. Bir müddət sonra bu si-nə daşlarının çoxu yoxa çıxdı. Dedilər ki, qızılaxtaranlar aparıb. Niyə aparıblar, necə aparıblar, bilmədik.
İndi fikirləşirəm, məgər bizim tarixçilərimiz, arxeoloqlarımız, etnoqraflarımız yox idi? Bu qədər unikal bir tarixi abidə onları niyə maraqlandırmadı?
Yəqin, bu sahələrdə də elmi əsərlər komfort otaqlarda yazılır.
Ermənilər axır ki, Umudlunun da adını dəyişdirdilər.
Məni yandıran biganəliyimiz, mövqesizliyimizdir. DQMV “quraşdırılanda” bizlərdən orada olan yox idimi, yoxsa onlardan heç nə soruşulmurdu, ancaq amin deməklə məşğul idilər?
Niyə coğrafi cəhətdən Kəlbəcər ərazisində yerləşən Çərəkdar, Narınclar kəndləri DQMV tərkibinə salındı.
Bunun səbəbləri aydınlaşdırılıbmı?
Yaxud Şuşa vilayət tərkibinə salınırdısa, Ağdam niyə salınmadı? Axı, bu bizim balansımızı gücləndirərdi.
Xülasə, beynimə pərçimləndirilmiş Akanaberd adını qəbul edə bilmirəm: Umudlu mənim ürəyimdir.
Vətən və millət atributu olan hər bir toponimə öz doğal adını daşımaq şərəfi tanınmalıdır.
…Və bu məqamda ciddi tarixçilərin səriştəli fikirlərini eşitmək istərdim.
Zabil Süleymanoğlu
Redaksiyadan: müəlifin fikirlərinə əlavə olaraq bildirmək istəyirik ki, 44 günlük Vətən Müharibəsindən sonra Prezident İlham Əliyev ilk növbədə ərazilərimizin tarixi adlarının özünə qaytarılmasına başlamışdır. Əminik ki, yaxın gələcəkdə Umudlu kəndi də adı ilə çağrılacaq və ümumiyyətlə, ermənilərin saxtalaşdırdıqları bütün adlar yenidən öz dilimizdə, öz mənasında səslənəcək.