Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24May

     

     

     

     

     

     

     

    Mayın 20-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı Tərtər rayonunun Şıxarx qəsəbəsində “Şuşa İli”nə həsr olunmuş “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçirilib.

    AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov seminarı açaraq tədbir iştirakçılarını AMEA-nın prezidentləri, akademiklər Arif Həşimov və İradə Hüseynovanın adından salamlayıb, seminarın işinə uğurlar arzu edib.

    Azərbaycanın əkin sahələrinin işğaldan azad olunmuş ərazilər hesabına genişləndirilməsinin zəruriliyi məsələsinə toxunan Zeynal Ələkbərov dünyada kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olan ölkələrdə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, yaxın illər ərzində daxili imkanlarımız hesabına bu problemin həll edilməsinə nail olunmasının əhəmiyyətinə toxunub.

    O, Qarabağ ərazisində təsərrüfatın genişləndirilməsi və taxıla olan tələbatın ödənilməsində Qarabağ Elmi-Tədqiqat Bazasının əhəmiyyətli rola malik olduğunu qeyd edərək, sözügedən Bazanın 40 ilədək nümunəvi elmi tədqiqat fəaliyyəti göstərdiyini, 1989-cu ildə erməni işğalına qədər 1700 hektaradək əraziyə malik olduğunu deyib. Bildirib ki, bazada 30-dan çox yüksək məhsuldar sort və minlərlə hibrid nümunəsi yaradılaraq Qarabağ bölgəsində və ölkənin digər iqtisadi rayonlarının təsərrüfatlarında geniş ərazilərdə becərilib və bu, kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

    İllərlə toplanmış zəngin genefondun, bütün əmlakın erməni işğalı nəticəsində talan edildiyini söyləyən baş direktor 1992-ci ildə aparılan əks hərbi əməliyyat tədbirləri nəticəsində torpaq sahələrinin bir hissəsinin geri alındığını, lakin nümunəvi bazanın bütün infrastrukturunun məhv edildiyini diqqətə çatdırıb.

    Məruzəçinin sözlərinə görə, Qarabağ Elmi-Tədqiqat Bazasında vaxtilə bitki genefondunun 200 mindən artıq nümunəsi, dənli bitkilərin 20 mindən çox dünya və yerli kolleksiya nümunələri, 20 mindən artıq nadir, təkraredilməz cinslərarası, növlərarası və təbii hibridlər, Azərbaycanın yerli camış cinsləri ilə Hindistan mənşəli yüksək məhsuldar “Murrah” camışlarının mayalanmasından alınan hibrid mələzlər, 200 baş cins mal-qara, 500 baş cins qoyun, 3000 baş quş, 500 sort meyvə və subtropik bitkinin, 200 üzüm sortunun genefond bağları və çox qiymətli seleksiya materialları olub.

    Professor Zeynal Əkbərov əlavə edib ki, II Qarabağ müharibəsi böyük Qələbə ilə başa çatdıqdan sonra bazaya 2021-ci ilin oktyabr ayında yenidən qayıdış olub, onun fəaliyyəti bərpa edilib, yeni taxıl sortları yaradılıb və tərəvəz bitkiləri kolleksiyasının bərpası həyata keçirilib.

    Alim Qarabağ Elmi-Tədqiqat Bazasının bərpasının ən azı keçmiş ənənələrinə uyğun müasir səviyyədə həyata keçirilməsinin vacibliyinə toxunaraq, Bazanın qısa müddətdə yenidən bərpası, elmi tədqiqatların aparılması mərkəzinə çevrilməsi, eləcə də ölkədə əhalinin ərzaqla təmin edilməsi istiqamətində görülən işlərə dəstək verməsi üçün müvafiq qurumların dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

    Sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor İbrahim Əzizov çıxış edərək fəaliyyət göstərdiyi institutun əsas istiqamətlərindən birinin də respublikamızın müxtəlif ekoloji şəraitlərində yetişə bilən və yüksək məhsuldarlığa malik, quraqlığa və şoranlığa davamlı qida sortlarının yaradılması olduğunu diqqətə çatdırıb. Alim bu istiqamətdə həm seleksiya, həm də müasir gen mühəndisliyi üsullarından istifadə olunduğunu vurğulayıb. Bildirib ki, görkəmli akademik Cəlal Əliyevin rəhbərliyi ilə alınmış sortların çarpazlaşdırılmasından əldə olunan növlər Bazaya təqdim edilib. O, seminar çərçivəsində bu sortlara baxış keçiriləcəyini də qeyd edib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Doğma torpaqlarımızda təşkil olunan bu kimi önəmli tədbirlərdə iştirak etmək vətəndaş olaraq hər birimizin qəlbində böyük fəxarət hissi oyadır.

    Tərtərin 32000 hektardan çox əkinəyararlı torpaq sahəsi olduğunu söyləyən qurum rəsmisi həmin ərazilərin suvarılmasında burada qazılmış 600-ə yaxın subartezian quyusundan istifadə edildiyini diqqətə çatdırıb. O, işğal nəticəsində uzun müddətdir Suqovuşan su anbarından istifadə etməyin mümkün olmadığını, lakin artıq iki ilə yaxındır ki, sözügedən su anbarı vasitəsilə ərazilərimizin suvarılmasının həyata keçirildiyini bildirib. Həmçinin 8000 hektar torpaq sahəsində müxtəlif taxıl bitkilərinin əkildiyini qeyd edib.

    Abbas Cavadov Tərtər rayonunun kənd təsərrüfatı sahəsində hər zaman ön sıralarda yer aldığını vurğulayıb. O, Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı, müvafiq elmi tədqiqatların aparılmasına dəstək verilməsi istiqamətində qurum tərəfindən zəruri addımların atıldığını bildirib.

    Daha sonra “Agro Dairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri Məmmədzadə Nəbiyev Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dairy”nin 8 ildir fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Şirkət tərəfindən 15000 hektardan çox sahədə, eyni zamanda, Füzuli, Xocavənd və Ağdam ərazilərində taxıl bitkilərinin yetişdirildiyini söyləyib. O, şirkətlə müvafiq qurumlar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində geniş imkanların açıldığını qeyd edib.

    “Qarabağın təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı, coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün hər zaman böyük imkanlar yaradıb”, – deyə Məmmədzadə Nəbiyev bildirib. Şirkət təmsilçisi Qarabağ iqtisadi rayonunun Tərtər rayonunda elmi və ictimai-siyasi əhəmiyyəti olan tarla seminarının keçirilməsini mühüm hadisə kimi qiymətləndirib, seminarın işinə uğurlar arzulayıb.

    Tədbirdə AMEA Genetik Ehtiyatlar İnstitutunun baş meneceri Rafail Mahmudov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun direktoru Elman Qənbərov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru Ələmdar Məmmədov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri Zaman Məmmədov və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev iştirak ediblər.

    Seminarda Qarabağ Elmi-Tədqiqat Bazasında “Açıq qapı” günlərinin təşkili, əvvəlki Bazanın imkanlarının yenidən bərpa olunması, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması üçün ərazinin imkanlarından istifadə, işçi qüvvəsinin artırılması, suvarma sistemlərinin, eləcə də yeni biotexnoloji metodların tətbiqi, Bazada görülən işlərin geniş şəkildə işıqlandırılması və digər tədbirlərlə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

    Sonda 2021-ci ilin oktyabr ayında əkin işlərinin aparıldığı sahələrə baxış keçirilib.

     

    Müəllif: Redaktor, 12:15

İsmarıclar bağlıdır.