Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşüb. Tədbirdə coğrafiya fənni üzrə 2-ci yerə layiq görülmüş Mamırlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Murad Qarayev, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş Köçərli kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Xədicə Qəmbərova, qaliblərin müəllimləri də iştirak ediblər.
Görüşdə rayon rəhbəri respublika olimpiadasında öz bilik və istedadları ilə uğur qazanan məktəblilərə xoş arzularını bildirib, onları təbrik edib. O, respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, son illərdə Tərtər rayonunda 5 modul tipli məktəb quraşdırılıb. Prezidentin Sərəncamı ilə hazırda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi tikilir. 360 yerlik şəhər 5 saylı tam orta məktəbinin tikintisinə də başlanılıb. Rayonda 3 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 2 körpələr evi-uşaq bağçası isə əsaslı təmir olunub. Dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər təqdirəlayiqdir. İcra başçısı bütün bunların Azərbaycanın xoşbəxt gələcəyi naminə edildiyini diqqətə çatdırıb.
Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən təşəkkürnamə təqdim olunub.