Elşən Məmmədovun ailəsi kəlbəcərli olsa da, o özü bu yerləri heç vaxt görməmişdi. Amma xəyallarında Kəlbəcərlə bağlı gözəlliklərlə dolu bir dünya yaşadırdı. Bu dünya doğma yurddan ayaqyalın, başıaçıq çıxan atası Dağıstan kişinin, anası Kifayət xanımın söhbətlərindən yaranmışdı.
Dağıstan kişi deyir ki, Kəlbəcər işğal edilərkən, onlar dolu evlərindən heç nə götürə bilmədilər. Bir-təhər gəlib çıxdılar Tərtər rayonunun Hacıqərvənd kəndinə. Burada ailəni uşaq bağçasında yerləşdirdilər, yatacaq verdilər. Kənd sakinləri isti paltar gətirdilər. Beləliklə, ailə yenidən yavaş-yavaş ayaq üstə durdu. Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində indi rayonumuzda qaçqınlar üçün salınmış müasir qəsəbədə rahat mənzilləri var.
Dolanışıq düzəlsə də, elə gün olmazdı ki, Dağıstan kişigildə Kəlbəcər barədə söhbət düşməsin. Elşən bunları dinləyədinləyə böyüyürdü. Atasının dediyinə görə ən böyük arzusu Kəlbəcəri görmək idi. Deyirdi, mən atamın dədə-baba yurdunda toy edəcəyəm. Lakin qismət olmadı…
Elşən Məmmədov 1996-cı ildə rayonumuzun Hacıqərvənd kəndində doğulmuşdu. Orta məktəbi Buruc kəndində bitirib.
2014-cü ildə hərbi xidmətə çağırılıb və sərhəd qoşunlarında xidmətini nümunəvi qaydada başa vurub. 2019-cu ildə yenidən orduya qayıdıb. Anası Kifayət xanım danışır ki, bizim indi yaşadığımız qəsəbədən Murov dağı çox aydın görünür. Hərdən o yerlərə baxıb qəhərlənəndə, Elşən bizi sakitləşdirirdi. Deyirdi: “Gün gələcək, biz o yerlərə qayıdacağıq”. Elə bu arzuyla da xidmət edir, er-mənilərə layiqli cavab veriləcəyi anı səbirsizliklə gözləyirdi.
Vətən Müharibəsinin başlanmasını o, arzularına qovuşduğu bir məqam kimi qarşıladı. Əvvəl Talışda, sonra Suqovuşan uğrunda döyüşlərdə iştirak etdi. Torpaqlarımızın azad olunması onu addım-addım məqsədinə doğru aparırdı.
Cəsur döyüşçüydü. Qorxu nə olduğunu bilmirdi. Yoldaşlarının söylədiyinə görə, həmişə gəncləri qorumağa çalışırdı. Döyüşlərarası da onlara məsləhət verirdi.
Oktyabrın 19-da düşmənin atdığı tank mərmisi üç dostun – o cümlədən Elşənin arzularını yarımçıq qoydu.
Müharibə başa çatandan sonra atası Dağıstan kişi oğlunun arzusunu yerinə yetirdi. O, Kəlbəcəri ziyarət etdi. Ata deyir:
– Bu səfərdə hansı hisslər keçirdiyimi sözlə ifadə etmək çətindir. Sevinc, kədər, qürur bir-birinə qarış-mışdı. Ən əsası isə sonsuz təşəkkür hissi – Ali Baş Komandan İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna və onları dəstəkləyən, ətrafında yumruq kimi birləşən xalqımıza. Məhz bu birlik sayəsində balalarımızın qanı yerdə qalmadı və biz doğma yerlərimizə qovuşa bildik. Mən burada oğul toyu edə biməsəm də, nəvələrim, yüzlərlə, minlərlə digər kəlbəcərli və Kəlbəcərdən olmayanlar, buranı sevib bəyənənlər edəcəklər. Bu yerlərdə yaşayacaqlar, qurub-yaradacaqlar. Bu, şəhid valideynləri üçün böyük təsəllidir.
Elşən “Azərbaycan Ordusunun 100 illiyi münasibətilə”, ölümündən sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Səhifənin materiallarını hazırladı “Yeni Tərtər”
qəzetinin baş redaktoru Svetlana Bağırova