Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Vərdiş eləmişdim hər gün. Qəzet köşkü iş yolumun üstündə olduğundan, hərdən maraqla oxuduğum qəzeti alıb, iş vaxtı başlayana qədər gözdən keçirirdim. Xüsusilə qəzetin bədii səhifəsini açıb, maraqlı yazıları, şeirləri oxuyurdum.
    Qəzetin bugünkü nömrəsində tanış imza gördüm. Ara-sıra müəllifin yazılarını oxuyurdum. Yazının başlığı məni cəlb etdi. Başlığın adı “Ana həsrəti” idi. Oxudum, çox mütəəssir oldum. Yazdığı onun uşaqlığı idimi? Bilmirəm. Amma mənim nisgilli keçirdiyim uşaqlığıma bənzər bir yazı idi. Sən demə, oxşar sifətlər kimi oxşar talelər də varmış.
    “Ana həsrəti” belə başlayırdı: “Axşam günəşi kimi mən də qüruba əyilirəm. Qürubda qara buludlar görünür. Köç karvanı yol üstədi. Mənzil başına nə vaxt çatar? Onu Allah bilər. Qabaqda gedənlər var. Bu yolun uzunluğu kilometrlərlə yox, zamanla ölçülür. Uzun bir növbə var. Növbə yaşa görə deyil. Nizamsız-intizamsız bir növbədir. Bu növbədə özümdən kiçiklər də, uşaqlar da qabağa keçir. Nə deyəsən? O da bir alın yazısıdır. Allah məndən öndəkiləri qorusun. Növbəm çatanda yolum sən tərəfədir, Ana! Nə vaxt çatacağımı bilmirəm. Məni düşündürən odur ki, məni tanıya biləcəksənmi? Sən 32 yaşlı gənc bir qadın, mən 80-ni haqlamış, saçları ağarmış, üzündə hər ildən bir naxış qalan, yerişi yavaşıyan biri…”
    Müəllif sonra belə yazırdı: “Bir yaşımı xatırlamasam da o günləri yaxşı xatırlayıram. O vaxt mənim 2 yaşım olarmış, bəlkə də bir az artıq. Həmişə köhnə evimizin alçaq pəncərəsinin içində oturardım. Yadımdadı havalar da indiki kimi tutqun və soyuq olardı. Zaman payız fəsli imiş. Çöldə yağış yağar, mən də ağlaya-ağlaya pəncərədən çölə baxıb səni gözləyərdim. Yağış pəncərəni döyəcləyər, damcıları sürətlə şüşədən aşağı şütüyərdi. Yoxsa, bu yağış damcılarının səsi məni ovundurmaq üçünmüş. O vaxt təsəlli nədir, anlamazdım ki. Təsəllini anamın isti nəfəsi, bircə öpücüyü verə bilərmiş. Yağış damcıları şüşələrdə iz salardı. Mənim göz yaşlarım da çirkli üzümdə cığır açardı.
    Səni gözləyərdim. Gözləntim hər gün davam edərdi. Sən gəlmək bilmirdin… Sənin hənirtinə, isti nəfəsinə möhtac qaldıq. Bizi kimə əmanət etmişdin, Ana! Yadımdadır… pəncərənin bir küncündə mən qısılıb oturardım. Qarşı küncdə parçadan tikilmiş, içi çiyidli pambıqla doldurulmuş tək-ayaqlı gəlinciyim. İkilikdə oturub səni gözləyərdik. Mən sənin həsrətinlə ağlayanda o məni ovundura bilmirdi. O danışmaq bilmirdi. Onun qaş-gözü, ağzı-burnu mürəkkəblə çəkilmişdir. Gecələr də bərabər yatardıq. Heç ayrılmırdıq… yastığımız atamın qolları olardı. Hər axşam yatmazdan əvvəl atam bizə nağıl danışardı. Bir də deyərdi ki, gedib sənin ananı tapıb gətirəcəm.
    Həmişə səni arzulayardım. Uşaqlar analarının əlindən tutanda mənim əlim boş qalardı. Onların anaları vardı, mənim yox? Hara getmişdin? Yoxsa məndən küsmüşdün. Heç yuxuma da gəlmirdin. Soyuq aylarda burnumu pəncərənin buz kimi soyuq şüşəsinə söykəyib, çölə baxardım. Çöldə küləkdə qıvrılıb yırğalanan çör-çöpdən, bir də yarpaqları saralıb tökülən ağaclardan başqa bir şey görməzdim.
    Yağış yağanda ağacların budaqlarından damcılar asılardı. Onlardamı ağlayırdı? Mən də onlara qoşulub ağlayırdım. Ağaclar yenidən yaşıllaşırdı. Amma sən gəlmirdin, Ana!
    Hər dəfə küçə qapısı cırıldadıqca, elə bilirdim ki, gələn sənsən. Hara getmişdin? Niyə qayıtmırdın?
    Pəncərədən baxa-baxa, səni gözləyə-gözləyə böyüdüm. Atam bir gün səni gətirəcəyinə söz vermişdi….
    Yenə bir gün küçə qapısının cırıltısına yüyürdüm. Atamla bərabər gələn qadının dizlərini sevinclə qucaqladım, elə bildim gələn sənsən, Ana! Başımı qaldırıb üzünə baxdım. Diqqət kəsildim.
    Evdə divardan asılmış, qara çərçivədən hər gün mənə mehriban baxışla gülümsəyən qadına bənzədə bilmədim. Soyuq baxışlarından ürpəndim. Qadının dizlərini buraxıb, atama qısıldım. Hıçqırığımı içimdə boğub ağlayırdım. Atam nəsə deyirdi. Eşitmirdim. Atamın səsi qulağımda uğuldayırdı….. Gələn sən deyil-din, Ana! Gələn anasız keçirəcəyimiz çətin, çox nisgilli illər imiş…
    Davamı gələn nömrədə”. Yazı burda bitmişdi. Ağrı-acılarla dolu uşaqlıq yaşamış qoca müəllifə ürəyim ağrıdı. Gərək davamını izləyim. Müəllif ömür boyu ana həsrətilə, ana acısıyla yaşayıbmış. Yazıq ana. Çox təəssüf etdim. Heç bir uşaq anasız olmasın.
    Bir uşaq mahnısında deyildiyi kimi:
    “Qoy həmişə Günəş olsun,
    Qoy həmişə səma olsun,
    Qoy həmişə anam olsun,
    Mən də olum həmişə.
    Uşaqlar atalı-analı böyüsünlər.

    Həqiqət Qarabağlı

    Müəllif: Redaktor, 09:22

İsmarıclar bağlıdır.