Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Tərtər Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş direktor Emin Dadaşovu rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla birgə qəbul edib, müvafiq tövsiyələrini verib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinə də göstərilən diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Tərtər Olimpiya İdman Kompleksi tərəfindən rayonda idmanın kütləviliyin artırılması istiqamətində görüləcək işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi vurğulanıb.
Qeyd edək ki, dörd hektar ərazini əhatə edən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu var. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də var.
Sonda Tərtər Olimpiya İdman Kompleksinin yeni təyin olunmuş direktoru Emin Dadaşov çıxış edərək ona göstərilən etimadı doğruldacağını və ölkəmizdə idmanın inkişafına göstərilən qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.