İlin birinci rübünün yekunları uğurludur
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan şura iclasında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suvarma sistemləri, Tərtərçay Hidroqovşağı İstismarı, rayon Statistika, Gənclər və İdman İdarələrinin, rayon Təhsil şöbəsinin, Mədəniyyət mərkəzinin nümayəndələri və Mərkəzi xəstəxananın Publik hüquqi şəxsi-direktoru iştirak ediblər.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixdə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr barədə” məruzə etmişdir.
İcra başçısı bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Rayon rəhbəri 2022-ci ilin 3 ayı ərzində ümumi məhsul buraxılışının həcminin rayonumuzda 45.1 milyon manat olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1 faiz artdığını qeyd edib.
Hesabat dövründə kənd təsərrüfatı istehsalı 0.7 faiz artaraq 9.1 milyon manat, sənaye istehsalı 12 faiz arta-raq 4 milyon 198.2 min manat, nəqliyyat xidmətlərinin həcmi 26.1 faiz artaraq 509 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.6 faiz artaraq 215.7 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 0.4 faiz artaraq 50 milyon 845.2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlər 2.8 faiz artaraq 5 milyon 535.4 min manat, ictimai iaşə xidmətləri 3.8 faiz artaraq 412.5 min manat olmuşdur.
Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində küçəkənarı divarlar aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. Bu işlər davam etdirilir.
Tərtər şəhərinin Mübariz Kərimov küçəsində 1.4 km yola asfalt örtüyü qoyulmuşdur.
Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəblərin binası tikilib istifadəyə verilmişdir.
Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının, Xoruzlu kəndində 432 şagird yerlik kənd tam orta məktəbinin tikinti işləri davam etdirilir.
Tərtər şəhər 5 saylı tam orta məktəbin köhnə binasında söküntü işləri aparılır, yeni binanın tikintisi üçün hazırlıq işləri görülür.
Rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 529.9 min manatlıq saxlanma işləri görülmüşdür.
Müşavirədə qeyd olunub ki, Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci rübündə kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.7 faiz artaraq 9 milyon 67.8 min manat təşkil edib.
Cari ildə 134.5 hektarda şəkər çuğunduru, 255 hektarda dən üçün günəbaxan, 170,5 hektarda müxtəlif növ tərəvəz, 187.5 hektarda kartof, 76 hektarda noxud, 1900.5 hektar sahədə yazlıq bitkilər əkilib.
Bü günədək 3443.4 hektar sahədə pambıq əkmək üçün fermerlər emal müəssisələri ilə müqavilə bağlayıblar.
Hesabat dövründə heyvandarlıq məhsulları istehsalını artırmaq üçün də işlər davam etdirilib. 812.5 ton diri çəkidə ət, 5 min 922 ton süd, 3 milyon 43 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0.6 faiz, süd istehsalı 2.3 faiz artıb.
Müşavirədə təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, sahibkarlığın inkişafı, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə ətrafında rayon prokuroru Əli Qurbanov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, mərkəzi rayon xəstəxanasının publik hüquqi şəxs-direktoru Sərxan Cəlahani, suvarma sistemləri idarəsinin rəis müavini Zahid İbrahimov, rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə və statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış ediblər. Çıxışlarda uğur-larla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən də danışılıb. Sonda qərar layihəsi oxunub.