Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
Dədə-babadan xalqımız arasında belə bir deyim var: “Filankəs canlara dəyən oğlandır”. Talehlə söhbətimdən sonra mən də belə qərara gəldim ki, elə bizim bu mütəxəssis Taleh də “canlara dəyən oğlandır”.
O, rayonumuzun Qaraağacı kəndində sadə bir ailənin övladıdır. Atası Saleh də, anası Pərvanə də öz zəhməti ilə dolanan insanlardır. İki oğullarını da elə belə böyüdüb, tərbiyə ediblər. Taleh ailənin kiçik oğludur. Qaraağacı kənd orta məktəbini bitirdikdən sonra Bakı şəhərində Rabitə və Nəqliyyat kollecinə daxil olub. Rabitə qovşağı və kommutator sistemləri fakültəsində qiyabi təhsil alıb. 2012-ci ildən rayon Telekommunikasiya qovşağında telefon montyoru kimi fəaliyyətə başlayıb. 2014-cü ildə internet şöbəsində reklam meneceri, 2021-ci ildə isə informasiya texnologiyaları mütəxəssisi vəzifələrinə təyin olunub. Bu müddətdə gənc Taleh bir az da püxtələşib, sevdiyi peşənin mütəxəssisinə çevrilib. Hazırda həmyaşıdları arasında öz mədəni rəftarı və peşəkarlığı ilə fərqlənənlərdəndir. Talehin bu rəftarı rayon sakinləri arasında xətir-hörmət qazanmasına səbəb olub. Onun çöhrəsində sanki bir nur topası birləşib. İşi ilə əlaqəli çağırıldığı hər yerdə çöhrəsindəki nurdan “pay” qoyub çıxır. Elə bu xüsusiyyəti “canlara dəyən oğlandır” deməyimizə haqq qazandırır. Taleh çalışır ki, telekommunikasiya texnologiyalarından istifadə zamanı yaranan problemlərin səbəbini istifadəcilərə başa salsın və bundan sonra aradan qaldırsın, verilən sualları səbrlə cavablandırır. Bu zəhmətinin bəhrəsi olaraq rayon rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Öyrənirəm ki, Taleh ata-anası ilə birgə yaşayır. Ailəlidir. Bir qızı var. Anası Pərvanənin adını daşıyır. Atası Saleh Suvarma Sistemləri İdarəsində elektrik montyoru işləyir. Ailənin 2 hektar əkin sahəsi var, həyət-bacada iribuynuzlu mal, toyuq-cücə saxlanılır. Ailənin birgə zəhməti ilə torpaq sahələrində taxıl, yonca əkilir. Atası da, Taleh də təkcə hökumət təşkilatlarında çalışmaqla kifayətlənmirlər. Ailənin dolanışığını birgə təsərrüfat işlərində çalışmaqla təmin edirlər. Söhbətdən belə anladım ki, Talehin boş vaxtları olmur. O, işdən evə qayıtdıqdan sonra ailə qayğıları ilə məşğuldur. Elə ona görə də Taleh kimi oğulları indiki zamanda pis vərdişlərlə məşğul olan bəzi gənclərə nümunə çəkmək olar. Allah səndən razı olsun, “canlara dəyən oğlan”.
Elfuzə Vəliyeva