Yaşasaydı, 65 yaşı tamam olacaqdı
Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin 65 illik yubileyi mü-nasibəti ilə təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Tərtər şəhər qəbristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Sonra tədbir şəhidin təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə adı verilən 7 B sinifində davam etdirilib.
Mərasimdə çıxış edənlər şəhid İnqilab Ağayevin 1-ci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Bildiriblər ki, şəhid, baş leytenant Ağayev İnqilab Mahmud oğlu 1957-ci il aprel ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
Əvvəlcə şəhər 2 saylı orta məktəbində, sonra isə 96 saylı Texniki Peşə Məktəbində təhsil almış, çilingər – mexanik peşəsinə yiyələnmişdir. 1977-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət Bərdədə tikinti təşkilatında işləmişdir.
1991-ci ilin dekabrında könüllü olaraq “Tərtər Ərazi Özünümüdafiə Batalyonu”na daxil olmuşdur. 21 iyul 1992 – ci ildə Şıxarx kəndinin alınmasında xüsusi fəallıq göstərmiş və bu döyüşdə ayağından ağır yaralanmışdır. İki ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtmış, Ağdərə rayonunun digər kəndlərinin və Sərsəng Su Anbarının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Döyüşlərdə göstərdiyi təşkilatçılığa görə İnqilab rota komandiri təyin edilmişdir. 1993-cü il iyul ayının 23-də Akop-Komari kəndi yaxınlığında gedən döyüşdə tank komandiri kimi tankın üstündə düşmən müdafiəsini yararaq irəliləmiş və arxadan onun tankı ermənilər tərəfindən vurulduqdan sonra bir daha geri qayıtmamış, şəhid olmuşdur.
Yalnız 1994-cü il aprel ayının 4-də həmin ərazi düşməndən azad edildikdən sonra nəşi torpaq altından tapılmış və gətirilərək Tərtər şəhər qəbristanlığında dəfn edilmişdir.
Evli idi. Bir oğlu və bir qızı yadigar qalıb.
Sonda şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.