Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr

    EL ŞAİRİ SURXAY DƏQİQ

    Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
    Səməd Vurğunun yaradıcılığı onun üçün əsl ilham mənbəyi olmuşdur. Dəfələrlə Səməd Vurğunla görüşmək ona qismət olmuşdur. Surxayın yaradıcılığına diqqət və qayğı ilə yanaşan şair ona “Dəqiq” təxəllüsünü vermişdir.Yazılarının birində Surxay müəllim Vurğunu ustadı hesab edərək belə

     

     

    Qəlbim döyündükcə coşacağam mən,
    Kükrəyib dəniz tək daşacağam mən,
    Hələ min-min nəğmə qoşacağam mən,
    Çünki Vurğun kimi söz ustadım var.

    Şairin ölümündən kədərlənən Dəqiq “Deyə bilmirəm” şeirini yazmışdır. Eyni zamanda Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən “Vurğun” mənzum dramını yaratmışdır. Əsərin yalnız bir hissəsi durur. Şair özü ”Yeni il şərəfinə sağlıq” şeirində həmin drama işarə edərək yazmışdır:
    Yeni iliniz hər zaman, müdam,
    Hər günü toy olsun, hər günü bayran.
    Qanımla yazdığım”Vurğun”adında
    Çıxsın el içinə mənzum dramam.

    Şairin yaradıcılığı mövzu cəhətdən rəngarəngdir. Vətənpərvərlik, elimizə-obamıza vurğunluq, təbiət gözəlliklərinin təsviri aparıcı mövzulardandır. Qarabağ mövzusuna, Qarabağın tərənnümünə şair çox yer vermişdir:

    Soruşsan Vaqifin qəbrinin yerin,
    Natəvan xanımın, həm də Zakirin,
    Qəhrəman Xanların, böyük Üzeyirin
    Ləpiri, izləri Qarabağdadır.

    Dəqiqin yaradıcılığının çox hissəini qəzəlləri təşkil edir. Qəzəllərinin dili çox sadə və zəngindir.

    Bilmirəm yadə salıb, hiss edirsən məni sən,
    “Dəqiq”öldü deməyin, yetər imdadə Əli.

    Məhəbbət mövzusu başqa yazarlar kimi onun da tez-tez müraciət etdiyi mövzulardandır. “Yadıma düşdü”, ”Qurban olum”, ”Dilə gəlir”, ”Ay qız”, ”Şair, niyə sevdin axı!” və s. şeirlər buna misal ola bilər.

    Qaməti sərv, gözü qumral,
    Bülbül səsli, dərya kamal,
    Sağ üzündə üç dənə xal,
    Şəfa verən bir cüt əli,
    Ağxalatlı bir gözəli,
    Bahar fəsli, səhər çağı
    Şair, niyə sevdin axı?

    Dəqiqin diqqəti cəlb edən satirik şeirləri də vardır.”Ömrün mənası”, ”Vəhşilər ölkəsində”…Şair aşkar deyə bilmədiklərini Qarğanın, Şahinin, Tülkü və Canavarın dilindən deyə bilmişdir.
    Şairin ”Aytəkin”, ”Bərdə” kimi poemaları da məlumdur.
    Ötən əsrin 50-60-cı illərinin ictimai və siyasi həyatı Dəqiqin yazılarında öz əksini tapmışdır. Onun “Ərəbin qəzəbi” əsəri dünya xalqlarının azadlıq mübarizəsinə həsr olunmuşdur.
    O qədər də sakit və firəvan həyat keçirməyən Dəqiq atasına görə dəfələrlə təqiblərə məruz qalmışdır. Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qovulmuşdur. Ömrünün son dövrlərində APİ-ni bitirmişdir. Həyatının çox hissəsini Bərdə şəhərində yaşamış və ”Qələbə” rayon qəzetinin əməkdaşı olmuşdur. 1965-ci ilin sentyabr ayında avtomobil qəzasında həlak olmuşdur. Vaxtsız ölüm onu həyatdan ayırdı, nə qədər deyilməmiş sözləri qaldı. “Arzular” şeirində dediyi kimi:
    Könlümdə yurd salıb böyük arzular,
    Çoxusu həyatda həll edilməmiş,
    Nə qədər sinəmdə dastanlar yatır
    Süzülüb kitaba köçürülməmiş.

    İllər ötüb, əsr dəyişib, lakin Surxay Dəqiqin şeirlərinə el marağı dəyişməyib.

    Redaksiyadan:

    Ola bilsin ki, kiminsə şair Surxay Dəqiq haqqında da-ha ətraflı məlumatı, yaxud onun şeirləri var. Bu barədə redaksiyamıza məlumat verməyinizi xahiş edirik.

    Şeyda Quliyeva

     

    Müəllif: Redaktor, 08:56

İsmarıclar bağlıdır.