Məşhur alim və hər kəsin qayğısını çəkən doğma insan
Bizim Tərtər rayonu Qarabağın gözəl, əsrarəngiz guşələrindən olmaqla bərabər, həm də qədim insan məskənlərindən biridir. Keçmiş zamanlardan bəri yurdumuzun ab-havası, təmiz suyu, zəngin təbii sərvətləri bir çox məşhur sərkərdələrin, şairlərin, filosofların diqqətini cəlb etmiş, onlar Tərtər sahillərində köç salmış, qonaq qalmış, ya da rayonun kəndlərində yaşayaraq burada işləmişlər. Bunlardan Əmir Teymurun, Molla Pənah Vaqifin və digərlərinin adlarını çəkə bilərik.
Ancaq Tərtəri şöhrətli edən yalnız bunlardımı? Hamı-mız bilirik ki, rayonumuzun ən böyük sərvəti, onu tanıdan, şöhrətini bütün dünyaya yayan çox savadlı, xeyirxah, alicənab insanlarıdır.
Bu gün biz fəxr edirik ki, Vaqif Abbasov kimi şöhrətli alim rayonumuzda dünyaya göz açıb, burada ilk təhsilini alıb. Onu böyük elmə aparan cığır da elə buradan başlayıb.
Kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də rayonumuzun Cəmilli kəndində müəllim ailəsində anadan olub. Cəmilli kəndinin tarixi vaxtilə Qubadlıdan bura köç etmiş Cəmil bəyin və onun qardaşlarının adı ilə bağlıdır. Bu kəndin təməlini onlar qoyublar. Burada məskunlaşan insanların Cəmil bəyə olan hörmətinin əlaməti olaraq, kənd əvvəlcə Cəmilbəyli, sonralar isə Cəmilli adlandırılıb.
Sovet dövründə bu kənddə bir çox məşhur ziyalılar yetişib ki, bunu da Cəmilli məktəbində çalışan zəhmətkeş, əsl ziyalı adını uca tutan müəllimlərin nailiyyəti hesab etmək olar. Vaqif müəllim 1968-ci ildə bu təhsil ocağını bitirmiş fəxri məzunlardan biridir. O, 1969-cu ildə o zamankı V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra doğma kəndində orta məktəbdə (sentyabr-dekabr) kimya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Həmyerlimizin həyat yolu o qədər zəngindir ki, bir məqalədə bunları əhatə etmək mümkün deyil. Ona görə də bəzi ən mühüm məqamlara toxunmaq istərdim.
1973-cü ildə akademik Yusif Məmmədəliyev adına MKPİ-nin aspiranturasına qəbul olunmuş və 1977-ci ilə kimi oranın aspirantı olmuşdur. Həmin institutda kiçik elmi işçi vəzifəsindən direktora qədər yüksəlmişdir. Onun elmi axtarışlarının nəticələri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada, Ukraynada, Qazaxıstanda böyük müvəffəqiyyətlə istehsalatda tətbiq olunur.
Vaqif Abbasov D.İ. Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin Azərbaycan İdarə Heyətinin fəal üzvlərindən biri olmuşdur. 1978-1981-ci illər ərzində ilk dəfə bu cəmiyyətin mükafatına və diplomuna layiq görülmüşdür. O, Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.
Vaqif müəllim Azərbaycan Respublikasının Əməkdar müəllimidir, “Şöhrət” ordeni və bir sıra digər mükafatlarla təltif olunub.
Tərtərlilər öz həmyerliləri ilə fəxr etdiyi kimi, Vaqif müəllim də rayonu ilə qürur duyur, tərtərliləri böyük məhəbbətlə sevir. O, öz kəndinə gələndə, bütün elmi adlarını, titullarını, mükafatlarını kənara qoyub, qohum-əqrabası, qonşuları, əzizləri üçün, sadəcə hər kəsin qayğıları ilə maraqlanan, kömək etməyə çalışan, doğma bir insan olur. Kənd ağsaq-qallarının söhbətləri bəzən ona dinlədiyi və oxuduğu elmi mühazirələrdən də şirin gəlir. Bir arzusu da var ki, o da kəndin sayılıb-seçilən sadə insanlarının unudulmamasıdır.
Deyirlər ki, hər kəsi ucaldan, şan-şöhrətə çatdıran onun doğma ocağı, el-obasıdır. Vaqif müəllim də bu zirvəyə zəhmətilə qalxsa da, daim arxasında dayanan doğmalarını, kəndini, rayonunu görür. Bütün varlığı ilə onlara bağlı bir insan kimi, o, kəndə hər gəlişini səbirsizliklə gözləyir.
Sabir Zeynalov,
keçmiş SSRİ idman ustası,
əmək veteranı