Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Apr

    İş planına uyğun olaraq rayonumuzdakı “Vətən bağı”ndan yazmalı idim. Bunun üçün Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfova müraciət etdim. O, bəzi məlumatları verməklə yanaşı, “Vətən bağı”nı görmək üçün ora getməyə kömək etdi.

    Maşın Tərtər-Ağdərə istiqamətində hər iki tərəfdən şam və küknar ağacları əkilmiş asfalt yolla irəliləyir. Düşünürəm kaş bu yolla Umudlu və digər kəndlərimizə gedəydim. Axı, bu yollarda uşaqlığımın, atalı-analı günlərimin xatirələri yaddaşımda yaşayır. Dağların döşündəki müxtəlif meyvə ağacları ilə əhatə olunmuş meşəlik, yol qırağındakı sərin bulaqlar, yolun sol tərəfində qaya daşlarından tikilmiş evlərə aşırımlardan mələşə-mələşə qaçışan mal-heyvan, kənd uşaqlarının tozun-torpağın içində oynamağı, daha nələr, nələr gözlərim önündən keçdi. Nəhayət, “Vətən bağı” deyilən məkana çatıb maşından düşdük. Əvvəlcə dayanıb bir an ətrafa nəzər yetirdim. Murov dağından əsən mehdən nəfəs dolusu uddum.
    Üç tərəfə ayrılan yolun tən ortasında ermənilərin özləri tərəfindən tikilən və Qarabağa gəlmə olduqlarını bildirən “Marağa-150” abidəsi diqqət çəkir. Abidənin sağ tərəfində isə möhtəşəm Zəfər və birlik rəmzi olan “Dəmir yumruq”, simvolik “Xarı bülbül” və “Xatirə bulağı” insana gəl-gəl deyir.
    Ülvi müəllim buradakı möhtəşəmlikdən danışmağa başlayır. Bildirir ki, “Vətən bağı” adlanan bu ərazi 2021-ci ildən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi və qayğısı ilə salınıb. 3 hektardan artıq ərazisi olan bu sahədə 5 mindən çox müxtəlif meyvə ağacları əkilib. Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsində, Aprel döyüşlərində şəhid olan igid oğullarımızın həyatının davamını xatırladan bu bağda əkilmiş ağaclar qayğı ilə becərilir. “Vətən bağı”nda işlər davam etdirilir. Ağacların damcı üsulu ilə suvarılması üçün yeni su anbarı tikilir və xüsusi qurğu quraşdırılacaq. Rayonumuza yolu düşən xarici qonaqlar, 44 günlük Vətən Müharibəsində şəhid olanların valideynləri “Vətən bağı”nı ziyarətə gələrək yeni ağac növlərindən gətirib əkirlər. “Vətən bağı”nın sol tərəfində, həm də Ağdərəyə gedən yolun sol hissəsində Aprel döyüşlərində şəhid olmuş oğulların valideynlərinin iştirakı ilə əkilmiş küknar və şam ağacları igidlərimizin şahidinə çevrilib. Hər bir ağacın üstündə bir qəhrəman haqqında kiçik lövhə asılıb. Ülvi müəllim onu da bildirdi ki, “Vətən bağı” gələcəkdə möhtəşəm bir bağ olacaq. Bağ 27 sentyabr anım günündə salınıb. Buradakı ağacların üzərində də ad lövhələri asılacaq. Qarabağ müharibəsinin tarixi anım günlərinin gələcəkdə həmin bağda keçirilməsi nəzərdə tutulub.
    “Vətən bağı” qısa bir müddətdən sonra al-əlvan gül-çiçəyə bürünəcək. Yurdumuza qədəm basan builki bahar “Vətən bağı”ındakı müxtəlif meyvə ağaclarının çiçəklərinin ətrini əsirlikdən qurtarmış, azad olunmuş torpaqlarımızın qan qoxulu çiçəklərinin ətrinə qatacaqdır. Vaxt gələcək, bir zamanlar bu yerləri görənlərin dillərində səslənəcək: “Vətən bağ”ı al-əlvandır, var içində xarı bülbül”. Qarabağ torpağı ən gözəl ağacları, gülləri bitirən torpaqdır, daşında, qayasında kəkliyi, qırqovulu, bağ-bağçasında cəh-cəhi ilə bülbülü oxudan torpaqdır. İnanıram ki, “Vətən bağ”ı da öz möhtəşəmliyi ilə təkcə cəh-cəh vuran quşlarımızın məskəni deyil, rayonumuzun mötəbər qonaqlarının ziyarət etdikləri məkana çevriləcək. Yaradan əllərə alqış!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 15:08

İsmarıclar bağlıdır.