Jurnalistlər cəbhəyanı kəndindəki məktəbdə və hərbi hissədə olublar
Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin cəbhə bölgəsinə təşkil etdiyi səfərin ikinci günündə jurnalistlər Tərtər rayonunun cəbhə xəttində yerləşən Qapanlı kənd tam orta məktəbinə gəliblər. Jurnalistlərə məlumat verilib ki, Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi Qapanlı kəndində də atəşkəs rejimi tez-tez pozulur. Lakin buna baxmayaraq kənddə vəziyyət sabitdir. Həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.
Təmas xəttinə yaxın məsafədə yerləşən kənddə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hər bir evə içməli su və telefon xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Kənddə 240 şagird yerlik yeni orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər bərpa edilib, kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Hazırda kənd yolunun asfaltlanması davam etdirilir.
Jurnalistlər məktəbin pedaqoji kollektivi və şagirdlərlə söhbət edib, dərs şəraiti, cəbhə kəndinin sakinləri kimi qayğıları ilə maraqlanıblar.
Məktəbin direktoru Fitat Əliyeva bildirib ki, təhsil ocağının 19 şəhid məzunu var. Düşmən tez-tez atəşkəsi pozur, dinc əhaliyə də atəş açılır. Məktəbin 6-cı sinif şagirdi Qərib Rzayev, 7-ci sinif şagirdi Rahil Həsənov və 8-ci sinif şagirdi Əfqan Hüseynov düşmənin açdığı atəş nəticəsində qətlə yetiriliblər.
Direktor diqqətə çatdırıb ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq təmas xəttinin bir neçə yüz metrliyində yerləşən məktbdə dərslər öz ahəngi ilə gedir. Ötən tədris ilində məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub.
Daha sonra jurnalistlər məktəbin şagirdləri ilə birgə «N» saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.