Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar

                                              XALQA MƏHƏBBƏT NÜMUNƏSİNƏ ÇEVRİLƏN HƏYAT

    QƏRƏNFİL
    Xurşidbanu Natəvan                                                                                                                     

    Səni kimdir sevən bica, qərənfil?

    Sənə mən aşiqi-şeyda, qərənfil!

    Səni gülşən ara aşüftə gördüm,

    Yəqin bildim tutub sevda, qərənfil!

    Belə pəjmürdə hal ilə durubsan,

    Düşər güllər əra qovğa, qərənfil!

    Driğa kim, vəfasızdır bu gülşən,

    Gedər bu tələti-ziba, qərənfil!

    Üzündən pərdeyi-nazın kənar et!

    Unutma aşiqi, haşa, qərənfil!

    2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır”.
    Natəvan yaradıcılığa təxminən XIX əsrin əllinci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.
    Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü Yekta”, xalq arasında isə “Xan qızı “ ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir.
    1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıcısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilində danışması qonaqların heyrət və sevincinə səbəb olmuş, aralarında dostluq telləri yaratmışdır. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqındakı ilk məlumat da Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.
    Natəvanın adı tarixdə həm də geniş mədəni-ictimai fəaliyyəti ilə yadda qalmışdır. O, yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirindən xüsusi fond ayırmışdır. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım almışlar. Natəvanı Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması məsələsi ciddi düşündürmüşdür. O, 1873-cü ildə yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə Şuşaya içməli su çəkdirmişdir. Şəhər əhalisi bunu əsl fədakarlıq, vətənpərvərlik nümunəsi kimi alqışlamışdır.
    Xurşidbanu Natəvanın yaradıcılığı ölkəmizdə daim diqqət mərkəzində saxlanılmış, onun xatirəsinin əbədilədirilməsi məqsədilə müxtəlif tədbirlər görülmüşdür.
    Bu il Azərbaycanda Xan qızının 190 illik yubileyinin keçirilməsi də Qarabağın görkəmli simalarından olan şairəyə dövlətimiz, xalqımız tərəfindən olan məhəbbətin ifadəsidir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.