“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnaqları Azərbaycan xalqına qarşı zaman- zaman soyqırım həyata keçirməklə yüzlərlə yaşayış məntəqəsini yerlə – yeksan etmiş, 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart da baş verən qanlı hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində faciələrin milli yaddaşındakı təzahürü, repressiyalara məruz qalmanın, insanların doğma dədə-baba yurdlarından didərgin salınmalarının XX əsr tarixindəki ən dəhşətli səhifələridir. Baş vermiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, eləcə də Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konflikti nəticəsində də yüz minllərlə azərbaycanlının öz tarixi torpaqlarında qovulmasına səbəb də ermənilərin yüz illərdən bəri “Böyük Ermənistan” yaratmaq xülyalarına xidmət edən faktordur.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Azərbaycan xalqı tarixlər boyu bir sıra məşəqqətli anlar yaşasa da həmişə özünün milli mənəvi dəyərlərini , dilini və dinini qoruyub saxlamışdır.
Gəlin hamılıqla tariximizin qanlı səhifələrindən olan 31 Mart soyqırımını bu günkü və gələcək nəsillərin yaddaşına əbədi olaraq həkk olunması üçün bütün vasitələrdən , o cümlədən müasir texnologiyaların gücündən səmərəli istifadə edək.
Kamil Məmmədov,
YAP Tərtər Rayon
Təşkilatının əməkdaşı