ZƏFƏR ƏTİRLİ NOVRUZ
Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da nəsildən-nəsilə ötürülmüş adətləri vardır. Zaman dəyişsə də, bu adətlər dəyişməyərək insanlar tərəfindən qorunub saxlanılmışdır. Bunların içərisində milli bayramımız olan Novruzun tarixi xüsusilə qədimdir. Tarixə nəzər salanda, bu bayramın 505-ci ildə yarandığı məlum olur. Dünyəvi şairlərin əsərlərində Novruzun özəllikləri aydın şəkildə əks etdirilir.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayramdır. Ona görə də gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Lakin bu bayrama kimi 4 həftə ardıcıllıqla çərşənbələr keçirilir: Su, Od, Yel və Torpaq çərşənbələri.
İlk çərşənbə olan su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əridiyi, od çərşənbəsi günəşin torpağı daha çox qızdırmağa başladığı, insanların həyətlərdə təmizlik işləri apardığı vaxta, Yel çərşənbəsi ağacların çiçəklədiyi, külək vasitəsi ilə tumurcuqların tozlandığı, ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə əkin yerlərində işlərin daha da artdığı, çoxaldığı vaxta təsadüf edir.
Novruz bayramının illərdən bəri qeyd olunan adət-ənənələri nəsildən-nəsilə keçərək bugünümüzə gəlib çıxmışdır. Papaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, səməni əkib göyərtmək, yumurta boyamaq, döyüşdürmək və sair bu kimi adətlər bu gün də həvəslə davam etdirilir.
Novruz xalqımızın ən əziz bayramı olaraq sevilə-sevilə qeyd olunur. Taleyinə ağrı-acı düşən, lakin heç zaman unu-dulmayan bu bayramın gəlişi ilə evlərimizə, ailələrimizə yeni büsat gəlir, sevinc-şadlıq yaranır. Hər bir evdə bayrama əvvəlcədən hazırlıqlar görülür. Qadınlar müxtəlif şirniyyatlar – şəkərbura, paxlava, şorqoğalı və başqa nemetlər hazırlayırlar. Bərəkət rəmzi olan səmənilər göyərdilir. Tonqal başına yığışan insanlar ilin uğurlu olacağını arzulayırlar. Bu bayramın bir özəlliyi də ondadır ki, küsülülər barışır, qonum-qonşular, qohumlar bir-birinin evinə təbrikə gedirlər. Hər kəsdə bir xoş əhval-ruhiyyə yaranır, hamı bir-birini gülərüzlə təbrik edərək “Bayramınız mübarək” söyləyir.
Novruz bayramında dünyasını dəyişənlər də yad edilir. Vətən uğrunda canını fəda edənlərin uyuduğu şəhidlər xiyabanları da axın-axın insanların ziyarətgahına çevrilir. Bir sözlə, Novruz təbiətin və insanlığın inamının bayramıdır. Bu əziz günlərdə heç kəs doğmalarını və şəhidlərimizi yad etməyi unutmur.
Yurdumuza bahar gəlir, qaranquşların qanadında, yavaş-yavaş oyanan torpağın ətrində, ağacların, gül-çəçəklərin tumurcuğunda, axar suların şırıltısında gəlir. Bu yaz fərqli gəlir, Şuşada, Zəngilanda, Kəlbəcərdə çatılmış tonqalların odunda, şəhid oğullarımızın qanı ilə suvarılmış torpaqlarda açmış xarı bülbülün, dağ nərgizinin ətri ilə gəlir. Bu yaz fərqli gəlir, dağlardan əsən küləklər şəhid oğullarımızın qəhrəmanlığından xəbər söyləyir, doğma ellərin xəbərini. Hansı ki, illərin ayrılığına son qoyularaq yollar açılır, gediş-gəliş başlayır, yurd yerləri firavanlaşır.
Yurdumuza Bahar gəlir. 2022-ci ilin azadlıq, Zəfər ətirli baharı. Qədəmin uğurlu, sayalı olsun, Novruz bayramı, gözü yaşlı anaların, qız-gəlinlərin, körpə balaların ürəyinə, qəlbinə bir az səbr gətir! Ağlar gözlərə bir az nur çilə, gülüşə həsrət sifətlərə azacıq təbəssüm bəxş et! Qədəmin sayalı olsun! Xalqımıza, yurdumuza acılardan uzaq, firavan həyat gətir, Bahar!
Elfuzə Vəliyeva