Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Mar

    Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli adət-ənənələrinin bir parçası olan Novruz bayramına yüksək dəyər verir və deyirdi:  “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

    Vaxt vardı ki, Novruz bayramına dini don geyindirərək, onun keçirilməsinə qadağalar qoyurdular. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

    Gecə ilə gündüzün bərabərləşdiyini bildirən bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyatı tərrənüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını tbrik edib, ən xoş arzularını bildirir.

    Novruz fəlsəfəsi dörd ünsür üzərində qurulub, bunlar dörd çərşənbənin adında öz əksini tapır: su, od, yel və torpaq çərşənbələri

    Novruz bayramının adətlərindən olan  “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

    Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir;

    Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.

    Qoy bu Novruz xalqımıza bol ruzi-bərəkət və xoş günlər gətirsin!

    Bayramınız mübarək!

     

    Müəllif: Redaktor, 14:57

İsmarıclar bağlıdır.