Son illər qlobal iqlim dəyişiklikləri təhlükəsi dünyanın aparıcı ölkələrinin bərpa olunan enerjiyə daha çox diqqət yetirməsinə səbəb olmuşdur. Yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində qarşıya qoyulmuş hədəflər, reallaşdırılan layihələr enerji sektoruna mühüm təsir göstərib. Azərbaycan da bərpaolunan enerjiyə keçidlə bağlı çağırışları dəstəkləyir və buna çox böyük önəm verir. Bu istiqamət Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissəsidir.
Bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün ötən həftə ölkəmizdə əlamətdar hadisə baş verdi. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə Xızı-Abşeron külək stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz ibn Salman Al Səud iştirak etdi. Prezident İlham Əliyev açılış zamanı çıxış edərək bildirdi ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək.
Bu, ölkəmizdə bütünlüklə xarici investisiyalar hesabına həyata keçirilən ilk belə layihədir. Layihə Xızı rayonu Sitalçay kəndi və Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində həyata keçiriləcək. Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, eyni zamanda atmosferə 400 min tondan çox karbon emissiyasının atılmasının qarşısı alınacaq.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması çox mühüm iqtisadi hadisədir. Bu, neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irimiqyaslı enerji müqavilələrindən sonra investisiya potensialı və enerji hasilatı imkanları baxımından regionda ən böyük qeyri-neft sazişlərindən biri hesab oluna bilər.
İnşa olunacaq stansiyanın əhəmiyyəti təkcə iqtisadi səmərə ilə məhdudlaşmır. Stansiyanın tikintisi nəticəsində təbii qaza da qənaət ediləcək. Stansiyanın külək enerjisindən istifadə etməklə əldə etdiyi güc 240 meqavat olacaq ki, bu da 300 min evi elektrik enerjisi ilə təmin edəcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət ediləcək ki, bu da atmosferə atılan karbon qazını ildə 400 min ton azaldacaq.
44 günlük Vətən müharibəsi nəticəsində 10 min kvadratkilometrdən çox ərazilərimiz işğaldan azad olunanda Prezident İlham Əliyev bu əraziləri “yaşıl enerji” zonası elan etmişdir. Məhz qısa müddət ərzində bu rayonlarda ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyalarının bərpasına başlanıldı. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan elektrik stansiyalarının yaradılması istiqamətində işlər bu gün də davam edir.
Şübhəsiz ki, enerji sektorunda “yaşıl enerji”nin payının artırılması istiqamətində Azərbaycanın atdığı addımlar qlobal çağırışlara verdiyi mühüm töhfədir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra öz enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırıb. Ölkəmiz dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Görülmüş işlər nəticəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Sözsüz ki, ölkə əhalisi artdıqca, tələbat da artır. Bu səbəbdən Azərbaycan enerji növlərinin istehsalı sahəsində ciddi addımların atılmasını qarşıya əsas hədəf kimi qoymuşdur. Bərpa olunan enerji növlərinin istehsalı enerji gündəmindəki ən mühüm vəzifələrdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılır.Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavat olacaq. Təhlillər nəticəsində məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisi istehsal etmək olar.
Bu layihənin reallaşdırılmasını eyni zamanda Azərbaycan diplomatiyasının uğuru kimi də qiymətləndirə bilərik. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox yaxın dostluq və qardaşlıq münasibətləri var. Ötən illər ərzində bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. İki ölkə arasında bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq mövcuddur. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb. Sözsüz ki, bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Son illər Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən enerji sahəsində yaxşı investisiya mühiti, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik investorların ölkəmizə olan marağını daha da artırmışdır.
Bu illər ərzində Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ölkəmizə olan diqqəti daha da artırmışdır. Sərmayə qoyuluşu bu gün də uğurla davam edir.
Dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalmasına baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib. Əlbəttə, bu ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan enerji sahəsində qarşıya qoyduğu hədəfə doğru uğurla irəliləyir. 2030-cu ilə qədər Azərbaycan öz elektrik enerjisinin 30%-ni bərpa olunan enerji mənbələrindən təmin edəcək. Nəticədə güclü enerji ehtiyatlarına malik ölkə kimi Azərbaycanın regionda mövqeyi daha da möhkəmlənəcək.