Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Mar

    Şərq xalqları içərisində yayılmış ən qədim tarixə malik olan bayramlardan biri Novruz bayramıdır. Xalqımız  bu bayramı hər il mart ayının 20-21-də  keçirir. Novruz dəyərləri  sivilizasiyanın başlanğıc mərhələlərindən soraq verir. Keçmişə nəzər salaraq görürük ki, bu bayram tarixin dərinliklərinə getdikcə  yeni məlumatlar üzə çıxır, onun haqqında zərdüştilikdən çox-çox əvvəlki çağlardan faktlar aşkarlanır, yeni mənbələr bayramın tarixini daha uzaq dövrlərə aparıb çıxarır. Novruz Şərqin qədim yaz bayramlarından biri kimi xalqımızın təbiət hadisələri barədə əski görüşlərini, onun erkən əmək və məişət həyatını əks etdirməkdədir. Bunları təsdiq edən əsaslı və mühüm faktlar isə təbii ki, Azərbaycan xalqı içərisində bayrama məxsus adət və ənənələr, inanclar, dünyanın yaranışı  və  yüksəlişi ilə bağlı məlum dörd  müqəddəs ünsür – Su, Od, Yel və Torpaqla bağlı etiqadlar, eləcə də bayram məcmuunun tam və pozulmaz qəlblərdə – yetkin formatda xalq içərisində yaşamaqda olan el variantıdır.

    Xalqımız Novruzla bağlı silsilə  nəğmələr yaratmışdır ki, milli əmək və məişət həyatının bütün görüntüləri onlarda öz  əksini tapmışdır.  Bayram ritualları, mərasim, oyun və tamaşaları, inanc, tapınma və etiqadları xalqımızın erkən dövrlərdə yaratdığı arxaik mədəni dəyərlərindən soraq verir, insanları birliyə, dostluq və həmrəyliyə, yüksək əxlaqi idealları qoruyub saxlamağa, onları genişləndirməyə sövq edir.

    1992-ci ildə  xalqımızın  adət-ənənələrini əks etdirən “Novruz bayramı” milli dəyərlərimizin  yaddaşlara  qaytarılmasının  yeni mərhələsi başladı.

    Cəmiyyətimiz dədə-babadan bizə  miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadıb davam və inkişaf etdirməkdədir. Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdikdən sonra – 1993-cü ildə Novruz bayramı ulu öndər Heydər Əliyevin sərəncamı ilə ümumxalq bayramı elan edilmiş, onun üzərindən bütün qadağalar birdəfəlik götürülmüş, xalq Novruzu hər yerdə özünün böyük milli bayramı kimi kütləvi şənliklərlə qeyd etməyə başlamış, Novruz beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək dünyaya sürətlə yayılmağa başlamışdır.

    Novruzda insanların bolluğa, firavan, əmin-amanlığa, həyata coşqun çağırış istəyi dayandığı kimi, torpağı əkib-becərməyə, onu dirçəltməyə sonsuz məhəbbət də əks edilir. Novruz bayramı inanclarında insanlara qayğı, diqqət, ədalətlilik başlıca yer tutur. Cəmiyyətdə bərabər, rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə, qocalara, kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə də bayram günlərində min bir nemətlə zəngin xonçalar bəzədilir, xəstələrə, qocalara, kimsəsizlərə, el ağsaqqallarına bu bayram xonçalarında müxtəlif bayram payı, bayram şirniyyatı və başqa Novruz nemətləri göndərilir, ehtiyacı olanlara bayram yardımları aparılır və beləliklə, bütün el-oba tam şəkildə bayram şənliklərinə qatılır. Novruz günlərində cəmiyyətdə bir növ maddi tarazlıq yaranırdı.

    Ulu Öndərin dediyi kimi biz Novruz bayramını  Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçiririk və əbədi olaraq keçirəcəyik.

     

    YAP Tərtər rayon təşkilatının sədri  Eldar Əsədov

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.