Zaman və dövr keçdikcə qarşıda yeni hədəflər qoyulur. Bu hədəflərin uğurla icrası aparılan islahatlar prosesini sürətləndirməyi tələb edir. Bu gün dövlətimizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirilən təkmil islahatların məntiqi nəticəsidir. Azərbaycanda 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi də məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası davamlı inkişafa böyük töhfələr verərək, yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edir. Bu cür təşəbbüslərdən biri də ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan, ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi olmuşdur. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib, özündə müasir çağırışların tələblərini aydın şəkildə ifadə edir. Bu seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əldə etdikləri nəticələrinə əsasən ölkəmizdə çoxpartiyalı parlamenti formalaşmışdır. Artıq əminliklə demək olar ki, VI çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən işlərdə Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açmasını inamla qeyd edə bilərik.
Şübhəsiz ki, həyata keçirilən dərin islahatlar kursunun demokratik dəyərlərin təşviqinin və parlamentarizm ənənəsinin möhkəmlənməsində möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və yürütdüyü daxili və xarici siyasət öz müsbət rolunu oynayır. Ölkə başçısının 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında çıxışı mövcud siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda duran vəzifələrlə bağlı fikirləri, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini özündə ehtiva edən yol xəritəsini müəyyənləşdirmişdir.
Eldar Əsədov,
YAP Tərtər rayon
Təşkilatının sədri