Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Mar

    2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Ali Baş Komandan altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.

    Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən Ali Baş Komandan vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

    Prezident İlham Əliyev bildirmişdir ki, seçkilər Azərbaycanda aparılan siyasi kursun alternativi olmadığını bir daha sübut edib. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

    Son illər ölkədə özünü müxalifət adlandıran və tamamilə biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni “beşinci kolon”un yaradılmasına çalışırlar. Hazırkı “beşinci kolon” sahiblərinin etimadını doğrultmur. Azərbaycanda nə çevriliş, nə də “inqilab” edə bilməyib, xalqın dəstəyini qazanmayıb, ancaq onlara müntəzəm olaraq verilən pulları mənimsəyib, beləliklə, öz havadarlarını pis günə qoyublar. Odur ki, yeni “beşinci kolon” axtarışındadırlar.

    Azərbaycan Prezidenti bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etdi: “Bu yol xəyanət yoludur, bu yola gedən, xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik”.

    Ali Baş Komandanın adıçəkilən sessiyada vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycana məcburi nəyisə diktə, yaxud hansısa qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını davam etdirəcək, belə xam xəyallara düşənlər uduzacaqlar. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da sanksiyalarla hədələmək mümkün deyil.

    Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, 2018-ci il prezident seçkilərindən sonra Cənab İlham Əliyev tərəfindən ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın azad, demokratik seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı. Yeni tərkibdə müxalifət partiyalarının sayı artdı ki, bu da ölkəmizdə demokratiyanın inkişafının, demokratik mühitin göstəricisidir.

    Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.

    Deputatların qarşısında duran vəzifələrdən danışan Cənab Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. “Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Hesab edirəm ki, bizim milli dəyərlərimizlə, milli ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır… Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, – misal üçün, könüllülər hərəkatı çərçivəsində, – vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində, əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır”.

    Cənab Prezident İlham Əliyev qeyd edib ki, dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı parlamentin də rolu çox təsirli ola bilər. “Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə bizim deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq. Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir. Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir”.

     

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 15:47

İsmarıclar bağlıdır.