8 Mart tarixinin ilk dəfə dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən 112 il ötür. Həmin gün dünyanın bir çox guşələrində qeyd edilərək, qadınlara sevgi və hörmət rəmzinə çevrilib.
Azərbaycan o ölkələrdəndir ki, burada ana, qadın həmişə uca tutulub. Həm də ölkəmizin adı dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış bir dövlət kimi tarixə düşüb.
Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev, ölkəmizdə qadın fəallığının inkişafını, cəmiyyətimizdə onların rolunun yüksəldilməsini daim diqqət mərkəzində saxlamışdır.
1998-ci ilin iyununda qadın fəalları ilə görüşü zamanı Ulu Öndər deyirdi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar. Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz”.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də qadınların həyatımızın bütün sahələrində təmsil olunmalarını vacib hesab edir və buna daim qayğı göstərir. Bunun bariz nümunəsi Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti seçilməsidir.
Azərbaycan qadınlarının mübariz bir hissəsini təmsil edən Tərtər qadınları da onlara verilən yüksək qiyməti öz fəaliyyətlərilə doğruldurlar. Onlar həyatımızın, cəmiyyətin müxtəlif sahələrində layiqincə təmsil olunurlar. Belə ki, tərtərli qadınlar dövlət qulluğunda, sahibkarlıq sahəsində, ictimai işlərdə, qeyri-dövlət təşkilatlarında layiqincə çalışırlar. Təhsil, səhiyyə, mədəniyyət sahəsində işləyənlərin əksəriyyəti qadınlar olduğu üçün, biz uşaqlarımızın tərbiyəsini, sağlamlığımızı, övladlarımızın mədəni səviyyəsinin inkişafını onlara etibar edirik.
Uzun illər rayonumuz cəbhə bölgəsi olduğu üçün, tərtərli qadınlar həm də bu ağrı-acını, ağır yükü çiyinlərində daşımalı olublar. Bizim qadınlar şəhid anaları, bacıları, həyat yoldaşları kimi ən yüksək zirvədə dayanaraq, öz dözümlülükləri, səbrləri, təmkinləri ilə nümunə göstəriblər.
Bu bayram günündə şəhidlərin ruhu analarının, həyat yoldaş-larının, bacılarının, qızlarının yanındadır. Amma bu ruhlar rahatdır. Ona görə ki, qanları ilə suvarılan torpaqlar indi işğaldan azaddır, burada dünyada misli görünməyən tikinti-quruculuq işləri görülür. Bir də ona görə ki, ailələri tək deyil, doğmaları unudulmayıb. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, bütün xalqımız, dövlət məmurları şəhid ailələrinin yanındadır.
Rayonumuzda da şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbəri müntəzəm olaraq onlarla görüşlər keçirir, ailələrdə olur və analar, bacılar bilirlər ki, onlar öz dərdləri ilə tək deyillər.
Bayram günlərində dünyanın bütün diqqəti sizdədir, əziz qadınlar! Hər birinizə cansağlığı, firəvanlıq arzulayırıq. Arzu edirik ki, yalnız bayramlarda deyil, ilin bütün günlərində üzünüz gülsün, doğmalarınız tərəfindən seviləsiniz. Çalışdığınız sahədə isə qazandığınız uğurlar sizə hörmət və bol ruzi-bərəkət gətirsin!
“Yeni Tərtər”