Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Mar

                                                                   Sahibə İsmayılova, tibb bacısı, əsgər

    Sahibə İsmayılova Göygöl rayonunun Balçılı kəndində anadan olub. Ailədə 4 uşaq idilər – iki qardaş, iki bacı. Atası Müzəffər kişi qızı Sahibəni tibb işçisi kimi görmək istəyib və ona bu sahə üzrə təhsil verib.
    Söhbət düşəndə ata deyirdi:
    – Sahibə sanki bu peşə üçün yaranıb. Çünki həddən artıq qayğıkeşdir, həm də səbirlidir, dözümlüdür.
    Müzəffər kişinin böyük inamla dediyi bu sözlər Sahibənin gələcək həyatında özünü doğrultdu.
    Bir müddət dəmir yolunda tibb məntəqəsinin müdiri işləyən Sahibə İsmayılova 2014-cü ildən Azərbaycan Ordusunda xidmət edir. O, Aprel döyüşlərinin və 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.
    Bu barədə özü belə deyir:
    –Müharibə zamanı mən də, mənimlə çiyin-çiyinə çalışan digər tibb heyəti də özümüz barədə düşünmürdük. Ətrafımızda mərmilər partlayırdı, biz isə sanki bunları eşitmirdik. Əvvəl yaralılar gələndə, şəhidləri görəndə ağlayırdıq. Tezliklə anladıq ki, buna yol vermək olmaz. Çünki itirilən hər dəqiqə hansısa bir döyüşçünün itirilməsi olardı. Özümüzü ələ alıb, hisslərimizi cilovlayıb, yaralılara yardım göstərirdik.
    Sahibə xanım deyir ki, müharibənin qurtarmasından xeyli vaxt keçsə də, bu gün də qazilərimiz onu axtarıb tapır, zəng edir, təşəkkürlərini bildirir, hətta şeir də həsr edirlər.
    Hərbçi xanımın oğlu İxtiyar Həmidli hazırda Naxçıvanda “N” saylı hərbi hissədə əsgər kimi xidmət edir. Tərxis olunmağına az qalıb və ana səbirsizliklə görüşəcəkləri günü gözləyir.
    İxtiyar tibb bacısı olan anası ilə fəxr edir. Onun zəhməti sayəsində onlarla əsgərin şəfa tapması onu qürurlandırır.
    Qızı Jalə anası üçün çox narahat olsa da, onun xeyirxah bir işlə məşğul olduğundan təsəlli tapır. Jalə ailəlidir, o, əmindir ki, gələcək övladları da odun-alovun içində Vətənimizə layiqincə xidmət edən və bu gün də xidmətini şərəflə davam etdirən nənələri ilə fəxr edəcəklər.
    Nənənin yaşadığı hər gün bir tarixdir. Laçın rayonu bizə təhvil veriləndə o, ilk və tək hərbçi qadın olaraq taborun tərkibində bu torpaqlara ayaq basıb. Yoldaşları onu aparmaq istəmirdilər, çünki hansı təhlükələrlə rastlaşacaqlarını hələ özləri də bilmirdilər. O isə gedib və hamı ilə birlikdə Laçın torpağına ayaq basmağın çətinliklərini və sevincini yaşayıb.
    Sahibə xanımın qardaşı İlqar da Qarabağ müharibəsi veteranıdır, qazidir, iki dəfə minaya düşüb, bir dəfə yaralanıb.
    Hazırda Sahibə İsmayılova rayonumuzdakı “N” saylı hərbi hissədə xidmət edir. Deyir ki, buradakı əsgərlərin hər birini öz övladım, qardaşım hesab edirəm və onlardan da eyni münasibəti görürəm.
    Onun çoxlu sayda Fəxri Fərmanları və diplomları, “Azərbaycan Ordusunun 100 illiyi münasibətilə” medalı nümunəvi xidmətindən xəbər verir.
    “Dövlətimə, xalqına layiqincə xidmət etdiyimə və Vətən Müharibəsində azacıq da olsa mə-nim də payım olduğu üçün özümü xoşbəxt hesab edirəm” – deyə Sahibə xanım söhbətini yekunlaşdırdı.

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.