Fəxriyyə Allahverdiyeva endokrinoloji kabinetin tibb bacıları ilə birlikdə
Fəxriyyə Allahverdiyeva 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra doğma rayonuna təyinatla qayıdıb və rayon mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb.
1994-cü ildən isə endokrinoloq həkim təyin edilib.
Şəkərli diabet xəstələri ilə işləməyin olduqca məsuliyyətli olduğunu söyləyən Fəxriyyə həkim bildirdi ki, hazırda rayonumuzda 2500-dən çox belə xəstə vardır.
Şəkərli diabet dövrümüzdə ən çox rast gəlinən xəstəliklərdən hesab olunur. Məlumdur ki, qanda qlükozanın çox olması bu xəstəliyin əsas əlamətlərindən sayılır. Fəxriyyə həkim bildirdi ki, bu xəstələrin 70 faizi xəstəxana tərəfindən dərmanla təmin olunur. İnsulin, şəkərölçən aparat (qlükometr) və bəzi həblər hər ay xəstəxanadan verilir. Bu dərmanlar paylanan vaxt iş daha çox olur. Endokrinoloji kabinetdə çalışan qadınlardan Hicran Mehdiyeva, Nəzakət İskəndərova, Aynur Rzayeva həmin vaxt xəstələrin narazı qalmaması üçün əllərindən gələni edirlər.
Fəxriyyə həkim 44 günlük Vətən müharibəsi zamanı bütün həkimlərimizlə birgə işlədiklərini bildirdi. O qanlı-qadalı günlərdə hər kəsdə bir mənəvi hiss, duyğu varıydı. Gücün çatan qədər nə isə etmək və kömək göstərmək hissi. Həkim adı daşıyan insanda bu ikiqat artıq olmalıdır. Şükür ki, artıq o günlər arxada qalıb. Allah bir daha xalqımızı müharibə qorxusu ilə üz-üzə qoymasın.
Fəxriyyə həkim 30 illik zəhmətinin bəhrəsi olaraq Səhiyyə Nazirliyi, rayon icra hakimiyyəti tərəfindən sertifikat və Fəxri Fərmanlarla təltif edilib. Biz də Beynəlxalq 8 Mart Qadınlar bayramı münasibətilə Fəxriyyə həkimi və onun timsalında rayon mərkəzi xəstəxanasının qadın tibb işçilərini səmimi təbrik edib, işlərində uğurlar arzulayırıq.