Tünzalə Vəliyeva, Tərtər Bələdiyyəsinin sədri
Daim pozitiv enerjisi ilə ətrafdakıların hörmətini qazanan bu xanım 2020-ci ilin yanvar ayından Tərtər Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
Vəzifəsi də Tünzalə xanıma çox yaraşır. Səbəbi sadədir: o, öz işini sevir. Ona görə də hər səhər böyük həvəslə evindən işə, axşamlar isə evinə tələsir. Gündəlik qayğılar onu yormur, əksinə, hansısa bir işin öhdəsindən gələndə, kiminsə probleminin həllinə yardımcı olanda, sanki yüngülləşir. Tünzalə xanım özü deyir ki, çətin bir iş yoxdur, sadəcə gərək ona nikbin yanaşasan, o zaman mütləq öhdəsindən gələcəksən.
Tünzalə Vəliyeva yetirmələri ilə daim fəxr edən şəhər 1 saylı məktəbin məzunudur. 1993-cü ildə isə Gəncə Dövlət Texnologiya Universitetini bitirib. İlk iş yeri su-kanal idarəsində olub. Sonralar rayon suğorta idarəsində mühasib kimi fəaliyyətini davam etdirib.
Tünzalə xanım hesab edir ki, onun bir müddət əmək fəaliyyətindən ayrılması heç də cəmiyyətdən ayrı düşməsi olmayıb. Çünki məhz bu dövrdə o, bir ana kimi iki oğul , iki vətəndaş böyüdüb, onlara sağlam təlim-tərbiyə verib.
Söhbət zamanıTünzalə xanım dedi:
– Bu gün biz qadınlar öz bayramımızı qalib bir xalqın ana və bacıları, övladları kimi qeyd edirik. Çox qürurverici hissdir. Həm də hər birimiz bilirik ki, xoşbəxtliyimizə görə bu hissi bizə yaşadan oğulların analarına – şəhid, qazi analarına borcluyuq. Onların qarşısında baş əyirik. Bütün analar kimi mənim də arzum budur ki, bir daha müharibə olmasın, analar gözüyaşlı qalmasın. Əl-ələ verib şəhərlərimizi, kəndlərimizi abadlaşdıraq, Qarabağımızda xarüqələr yaradaq.
Çox şükür ki, bir zaman uzaq bir arzu kimi səslənən bu fikir artıq gerçəkləşib və tərtərli qadınlar da bu sahədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.