Birinci Qarabağ müharibəsi veteranı və əlili Fazil Əsədzadənin qismətinə tərtərli Aytən adlı qızla ailə həyatı qurmaq düşmüşdü. İndi onun zəhmətkeş, öz alın təri ilə yaşayan xoşbəxt ailəsi var. Ailənin 2 oğlu -Nicat və Elsevər ata-ananın zəhmətlə qazandığı halallıq içərisində böyüyüblər. Nicat ailənin böyük oğludur. Bir az səhhətində nasazlığı varıydı. Orta məktəbi bitirdikdən sonra kompüter kursu bitirdiyi üçün, bu işlə məşğul olurdu.
2020-ci ilin iyul ayında Nicat həqiqi hərbi xidmətə çağrılır. Gədəbəy rayonunda hərbi hissələrin birində əsgərlik çəkir. Sentyabrın 23-də Nicatın hərbi hissəsi dəyişdirilir və onu Kəlbəcər istiqamətinə göndərirlər. Motoatıcı briqadanın 120 millimetrlik minaatan bölməsinin baş tuşlayıcısı vəzifəsinə təyin olunur.
Tarixə Vətən Müharibəsinin başlanğıc günü olaraq düşən 27 sentyabr 2020-ci ildə Daşkəsən-Kəlbəcər istiqamətində ordumuzun əsgəri kimi döyüşlərə qatılır. Güclü döyüşlər gedirdi. Nicat da Vətənin əsgəri kimi düşmənə qarşı ürəklə vuruşurdu. 4 oktyabr tarixdə onun xidmət etdiyi hərbi bölüyə əmr verilir ki, ermənilərin 3857 metr yüksəklikdə yerləşən “Göbələk” postunu dağıtmaq lazımdır. Bölmə əmri yerinə yetirmək üçün əməliyyata başladı, az bir zamanda motoatıcılar postu dağıdaraq həmlə taboruna yol açdılar. Həmin postda ermənilərin 3 ədəd ”D-44” topu, xeyli sayda iriçaplı pulemyotu məhv edilmişdi. Amma bölükdə heç kim zədə almamışdı. Buna görə çox sevinmişdilər.
Nicat 44 gün davam edən Vətən müharibəsində Vətənin müsəlləh əsgəri kimi Kəlbəcər-Ağdağ istiqamətində döyüşmüşdür. Müharibə bitdikdən sonra isə əsgəri xidmətini davam etdirib. Artıq o, xidmətini başa vurub, 3 yanvar 2022-ci il tarixdən tərxis olunaraq, doğma ailəsinə qayıdıb. Bu günlərdə redaksiyamıza dəvət edərək, həm oğul kimi, həm də gənc ata kimi təəssüratları ilə maraqlandım. Axı, Nicat ata-anası üçün əziz, istəkli oğul olması ilə bərabər, 2 övlad atasıdır. O, hərbi xidmətə gedəndə oğlu Əli 2 yaşında, qızı Rüqəyyə 6 aylıq olub. Bu gün odun-alovun içindən sağ-salamat qayıtması ailənin böyük sevincinə səbəb olub. Özü isə bu barədə deyir:
–Müharibənin qurtarmasına 12 gün qalmış evdən biliblər ki, mən döyüş bölgəsindəyəm. Heç onda da inandırmışam ki, mən əvvəlki hərbi hissədə xidmət edirəm. Sonra məzuniyyətə gələndə müharibə iştirakçısı olduğumu söylədim. Qaldı ki, müharibəyə, Allah bizim xalqımıza bir də müharibə göstərməsin. Çox ağırdır. Birinci Qarabağ Müha-ribəsində də, indiki Vətən Müharibəsində də xeyli insanlarımız şəhid oldu, döyüşçülərimiz sağlamlıqlarını itirdi, şəhər, kəndlərimiz dağıdıldı, xalqımıza hərtərəfli xeyli ziyan dəydi. Artıq torpaqlarımız azad olunub. Fəxr edirəm ki, Vətən Müharibəsindəki döyüşlərdə Ordumuzun qazandığı qələbədə mənim də payım olub. Ali Baş Komandanımız tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşam, Vətən Müha-ribəsi veteranıyam.
Nicatla söhbətdən öyrənirəm ki, qardaşı Elsevər də hazırda ordumuzun tərkibində müddətdən artıq xidmət edir. Özünün isə ANAMA-da işə düzəlmək fikri var, hələlik isə işsizdir. Hər ikisinə də uğurlar arzulayıram.
Elfuzə Vəliyeva
-
05Mar
Müəllif: Redaktor, 09:37