Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Fev

                                                                                         BİR XALQIN FƏRYADI

    Tarix düşmən qüvvələrin dinc əhaliyə kütləvi divan tutmasının çox nümunəsinə şahiddir: qırmancla, xəncərlə, qılıncla, ən uzağı güllə ilə… Məğlub edilmiş, çarəsiz insanları tabe etmək o qədər də çətin deyil, buna nə güllə lazımdır, nə də mərmi. 10 min nəfərlik bir şəhərin üstünə müasir silahların bütün növləri ilə hücum etmək, qaçıb canını qurtarmaq istəyənləri isə hər yerdə pusquya salıb gülləbaran etmək nümunəsini isə tarixə özünü zavallı kimi qələmə verib, ali bir xalq olduğunu zənn edən erməni yırtıcı toplumu “hədiyyə” etdi. Bu amansız qətliamı ağlını tamamilə itirmiş, təpədən-dırnağadək silahlanmış erməni millətçi faşistləri dünyaya qorxub-çəkinmədən nümayiş etdirdilər. Bu müdhiş “insan ovu”nu öz iyrənc və xəyanətlərlə dolu tarixlərinə “zəfər” kimi yazan təcavüzkar Ermənistan ərazisində millətçi dövlət qurduğu Azərbaycanın Xocalı şəhərini 1992-ci ilin 25–26 fevral geçəsində yer üzündən sildi, onun dinc əhalisinə qarşı tarixin ən amansız soyqırımını törətdi. O gecə və sonrakı günlərdə işgəncə ilə qətlə yetirilən yüzlərlə soydaşımızın günahsız şəhidliyinin çoxsaylı şahidləri tarixin ən dəhşətli insan qırğınından keçdilər. Onların hər dəfə söylədikləri Xocalı yaramızın qurumayan qanı timsalındadır.
    Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
    Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
    Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını, sadəcə, azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi
    Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Kon-vensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
    XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Prezident İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd olunur, dövlətimizin başçısı paytaxtda keçirilən ümumxalq yürüşündə iştirak edir. Ölkə rəhbəri daim bundan sonra belə bir soyqırımın yaşanmaması üçün daha diqqətli olmağımızın zəruriliyini diqqətə çatdırır.
    Hazırda ölkəmizdə Xocalı hadisələri bir az fərqli platformada qeyd olunur. Başqa sözlə, bu, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm tarixi zəfərimiz fonunda xatırlanılır. Yəni, Azərbaycan qalib dövlət kimi bu faciəni fərqli duyğularla anır. Xocalı soyqırımını anım mərasimlərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən insanların qisasının şanlı ordumuz tərəfindən alındığı, bu qalibiyyətlə erməni faşizmi qurbanlarının ruhunun şad olduğu bildirilir.
    Bu vəhşiliyə baxmayaraq, nə xalqımız öz iradəsindən döndü, nə də ordumuz geri çəkildi, silahlı qüvvələrimiz dövlətin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq, dəyanət nümayiş etdirərək, torpaqlarımızı düşməndən təmizlədi. Dinc insanların, şəhidlərin, eləcə də Xocalı sakinlərinin qisasının döyüş meydanında alınması isə dövlətimizin başçısının vurğuladığı kimi, bu, bir daha xalqımızın ermənilərdən fərqli olaraq, böyüklüyünü, ləyaqətini göstərdi.

    Şəhriyar Əliyev,
    Tərtər notariat ofisinin notariusu

     

    Müəllif: Redaktor, 11:28

İsmarıclar bağlıdır.